EN

"Azərbaycan regionda nəqliyyat dəhlizlərinin yaradıcısıdır" - ŞƏRH EDİLDİ

“Azərbaycan regionun tranzit-nəqliyyat koridorlarının açar ölkələrindən biri kimi mühüm statusa malikdir və bütün beynəlxalq nəqliyyat dəhlizləri ölkəmizdən keçir. Bu coğrafi vəziyyətdən səmərəli şəkildə istifadə edən ölkəmiz davamlı səyləri sayəsində bölgənin nəqliyyat arxitekturasını daha da möhkəmləndirib, yeni coğrafi koordinatlar əlavə edib. Hazırda bizim ərazimizdən Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizləri keçir və geniş bir trans-kommunikasiya qovşaqları yaranır. Prezident İlham Əliyevin rəhbərliyi ilə yanvarın 27-də nəqliyyat məsələlərinə həsr olunmuş müşavirədə də bu məsələyə xüsusi toxunuldu. Cənab Prezidentin də bəyan etdiyi kimi Azərbaycan Xəzər regionunu beynəlxalq huba çevirmək üçün dayanmadan fəal addımlar atır və ölkəmizim təşəbbüsü ilə gerçəkləşən Orta Dəhliz xətti qlobal səviyyədə nəqliyyat platformasına çevrilib”. Bu sözləri Mili Məclisin deputatı Aydın Hüseynov SİA-ya açıqlamasında deyib.

Onun sözlərinə görə, Azərbaycan Şimal-Cənub marşrutunda da öz strateji mövqeyini artırır: “Ölkəmiz Şərq-Qərb dəhlizi ilə yanaşı, bu marşrut xəttinə də xüsusi əhəmiyyət verir və bunu şərtləndirən əsas amil ölkəmizin ən sərfəli coğrafi kəsişmə nöqtəsində yerləşməsidir. Azərbaycan nəqliyyat kommunikasiyaların şaxələndirilməsinə önəm verərək Yeni İpək Yolunun Orta Dəhlizində və Şimal-Cənub xəttində orta mövqe tutmaqla bütün beynəlxalq nəqliyyat marşrutlarda iştirak edir. Azərbaycan öz nəqliyyat infrastrukturunu tam yeniləşdirməklə bu dəhlizin də strateji əhəmiyyətini artırır. İranla dəmir yollarının birləşdirilməsi və Azərbaycanın Astara stansiyasından İranın Astara şəhərinə qədər dəmir yolunun inşası Şimal-Cənub xəttinin potensial ötürücülük qabiliyyətini yüksəldib və hazırda Asiya və Yaxın-Orta Şərq bölgəsi də öz qovşaqlarını bu dəhlizə inteqrasiya etməkdədir”.

Millət vəkili qeyd edib ki, nəqliyyat məsələlərinə həsr olunmuş müşavirədə paytaxın və ətraf ərazilərin nəqliyyat probleminin həlli ilə bağlı xüsusi tapşırıqlar verildi: “Bir neçə gün əvvəl dövlət başçısının imzaladığı sərəncama əsasən, “Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı” təsdiq edilib. Dövlət Proqramı hazırlanarkən küçə-yol şəbəkəsinin, metro və dəmir yolu xətlərinin, fərdi mobil nəqliyyat vasitələri infrastrukturunun və piyada zonalarının inkişafı ilə bağlı irəli sürülən layihələrin Bakı şəhərinin Baş Planı (2020–2040) ilə uzlaşdırılması təmin olunub, şəhərin perspektiv inkişaf dövrünü əhatə edən nəqliyyat planlaşdırma həlləri nəzərə alınıb. Bu baxımdan, Proqram Bakı şəhərinin Baş Planına uyğun olaraq, paytaxtın və ətraf ərazilərin nəqliyyat infrastrukturunun təkmilləşdirilməsini, iqtisadi inkişafın Proqramda ərazinin perspektiv inkişafı nəzərə alınmaqla ümumi istifadədə olan nəqliyyat xidmətlərinin keyfiyyətinin, dayanıqlılığının və əlçatanlığının artırılması, həmçinin fərdi mobil nəqliyyat vasitələrinin, nəqliyyat və piyada infrastrukturundan istifadənin müasir tələblərə uyğunlaşdırılması və nəqliyyatda rəqəmsal texnologiyaların tətbiqi kimi mühüm prioritetlər müəyyənləşib”.

Müəllif: Xeyrənsə Piriyeva
Chosen
6
sia.az

1Sources