EN

Fevralın 4-ü Ümumdünya Xərçənglə Mübarizə Günüdür

Hər il fevralın 4-də Ümumdünya Xərçənglə Mübarizə Günü qeyd olunur. Bu günlə əlaqədar tədbirlər ən böyük və ən qədim onkoloji təşkilat olan Beynəlxalq Xərçəngə Nəzarət İttifaqının təşəbbüsü ilə keçirilir və bu, xəstəliyə qarşı mübarizə tədbirlərinin görülməsi məqsədilə maarifləndirməni artırmaq məqsədi daşıyır.

Fins.az xatırladır ki, 2000-ci il fevralın 4-də Parisdə Ümumdünya Xərçənglə Mübarizə Sammitində onkoloji xəstəliklərlə mübarizə üzrə Paris xartiyası qəbul olunub və onkologiya sahəsində elmi araşdırmalara dəstək olmağı, xərçəngə qarşı profilaktik tədbirlərin aparılmasını, pasiyentlərə xidmət keyfiyyətinin artırılmasını nəzərdə tutur.

Ümumdünya Xərçənglə Mübarizə Gününün hədəfi ictimaiyyətin diqqətini onkoloji xəstəliklərin profilaktikası probleminə yönəltmək, bədxassəli törəmələrin nə qədər təhlükəli və geniş yayıldığını xatırlatmaqdır. Xərçəng bizim ölkə də daxil olmaqla, bütün dünyada ən əsas ölüm səbəblərindən biridir. Buna görə əhalinin onkoloji xəstəliklərlə bağlı maarifləndirilməsi və tərbiyəvi işlərin aparılmasında effektiv sistemin yaradılması əsas hədəflərdir. Bu hədəflərə çatmaqla əhalinin onkoloji xəstəliklərə münasibətini dəyişmək olar. İnsanlara bədxassəli törəmələrə qarşı əsas profilaktik tədbirləri öyrətmək, onları özünümüayinə metodlarından istifadə etməklə xəstəliyin ilkin simptomları ilə tanış etmək lazımdır.

Xərçəng insanın istənilən orqan və sisteminə təsir edə bilən böyük xəstəliklər qrupu üçün ümumi termindir. Bu kateqoriyadan olan xəstəliklərdə, həmçinin “bədxassəli şişlər” və “yeni törəmələr” kimi terminlərdən də istifadə olunur. Xərçəngin xarakterik əlaməti öz sərhədlərini də aşaraq digər orqanlara yayılan anomal hüceyrələrin sürətli yaranmasıdır. Bu proses metastaz adlanır. Xərçəngdən baş verən ölüm hallarının əsas səbəblərindən biri metastazdır. 

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) onkoloji xəstəliklərin problemləri ilə məşğul olan Beynəlxalq Xərçəngin Öyrənilməsi Agentliyinin (BXÖA) hesablamalarına görə, 2022-ci ildə dünyada 20 milyon xərçəng xəstəsi qeydə alınıb. 9.7 milyon insan bu xəstəlikdən dünyasını dəyişib. Diaqnoz qoyulan andan 5 il sonra sağ qalan insanların sayı 53.5 milyon olub. Təqribi olaraq hər beşinci adamda xərçəng xəstəliyi inkişaf edir, təxminən doqquz kişidən biri və on iki qadından biri xərçəngdən dünyasını dəyişir.

Chosen
9
6
fins.az

7Sources