EN

Hansı universitetlərdə imtahanlar test üsuluna keçəcək? - SORĞU

 

Universitetlərdə imtahanların yazılı şəkildə olması, bir çox təhsil müəssisəsində ənənəvi və geniş yayılmış qiymətləndirmə metodudur. Bu metodun məqsədi tələbələrin müəyyən bir mövzuda dərindən düşünmə qabiliyyətini və məlumatı necə idarə etdiklərini ölçməkdir.

 

Lakin bəzi tələbələrin sözlərinə görə, imtahanların yazılı yəni test üslubunda olmaması vaxt itkisinə səbəb olur. Təbii ki, bəzi ali məktəblərdə imtahanların bir qismi test üsulunda aparılır.

 

Maraqlıdır, yaxın gələcəkdə universitetlərdə imtahanların test üsulunda aparılması gözlənilirmi?

 

AzEdu.az Təhsil Portalı olaraq mövzu ilə bağlı universitetlərə sorğu ünvanladıq.

 

Sorğumuza cavab olaraq Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) Media və PR bölməsinin rəhbəri Nicat Abdullayev qeyd edib ki, universitetdə təxminən 70%-ə yaxın test formasında imtahan həyata keçirilir:

 

“Tələbələr mərkəzləşdirilmiş şəkildə kompüter zallarında test formasında imtahan verirlər. yerdə qalan imtahanlar isə yazılı və qabiliyyət tələb edən fənlərdən ənənəvi qaydada fakültələrdə imtahan verilir. Bir neçə yazılı imtahanlar var ki, testləşdirmək mümkün deyil.

 

Onu da qeyd edim ki, AzMİU qabaqcıl dünya universitetləri ilə sıx əlaqədədir. Bizim tərəfdaş olduğumuz Qərb universitetləri, aparıcı dünya universitetlərində imtahanlar ümumiyyətlə yazılı formada təşkil olunur. Yəni test formasında imtahanlar o qədər də özünü doğrultmur. Biliyin yoxlanılması, qiymətləndirilməsi baxımdan bu o qədər də effektiv deyil”.

 

Azərbaycan Universitetinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri vəzifəsini icra edən Lalə Dilanova bildirib ki, payız və yay semestrlərinin imtahanları bir qayda olaraq yazılı formada keçirilir:

 

“Bəzi hallarda fənnin xüsusiyyətindən asılı olaraq şifahi və ya qismən şifahi (bir hissəsi şifahi, bir hissəsi yazılı) və test üsulu ilə də keçirilir.

 

İmtahanın formatı tədris olunan fənlərin spesifik xüsusiyyətləri, o cümlədən  mütəxəssislərin tövsiyələri nəzərə alınmaqla müəyyən olunur. Fənlərin mahiyyətində fərqlər olduğu və bütün fənlər üçün standart formatın tətbiqi tədrisin keyfiyyətinə mənfi təsir edə biləcəyi üçün yaxın gələcəkdə bütün fənn imtahanlarının test formasında olması gözlənilmir”.

 

Bakı Slavyan Universitetinin (BSU) KİV-lə əlaqələr şöbəsindən verilən məlumata əsasən universitetdə imtahanlar həm yazılı, həm də şifahi formada (fənnin spesifikasına uyğun olaraq) keçirilir:

 

“Yazılı imtahanlar bizə tələbələrin dərs materialını nə qədər dərin mənimsədiklərini və mövzuları necə anladıqlarını qiymətləndirməyə imkan verir.

 

Tələbə rəylərinə əsasən, bu vaxt itkisi kimi dəyərləndirilsə də, əslində tələbələr yazılı imtahanlarda müəyyən bir vaxtda məhdud sayda sualı cavablandırmalı olurlar və bununla da onların vaxtı düzgün bölüşdürmə, analitik düşünmə və fərdi fikir formalaşdırma bacarıqları inkişaf edir.

 

Yaxın gələcəkdə Bakı Slavyan Universitetində imtahanların rəqəmsal modullar əsasında keçirilməsi planlaşdırılır. Rəqəmsal modullar üzərindən imtahan prosesinin təşkili avtomatik qiymətləndirmə, nəticələrin dərhal çıxarılması və sualların müxtəlifliyi ilə daha obyektiv nəticələr əldə etməyə imkan verəcəkdir”.

 

Lənkəran Dövlət Universitetinin (LDU) İctimaiyyətlə əlaqələr və mətbuat xidmətinin rəhbəri Esmira İsmayılova bildirib ki, LDU-da kollekvium və imtahanlar əsasən yazılı keçirilir, bununla yanaşı xarici dillər və nitq fənləri şifahi, rəsm, musiqi, İKT və kliniki fənlər əsasən performans tipli təşkil olunur:

 

“Göründüyü kimi fənlərin spesifikliyindən asılı olaraq optimal imtahan forması təşkil edilir. Kollekvium və imtahan qiymətləndirmə meyarları arasında test nəzərdə tutulmamışdır.Qiymətləndirmə metodunun seçimi proqramın və fənnin tələblərindən, təlim məqsədlərindən asılıdır”.

 

Azərbaycan Texniki Universitetinin (AzTU) Mətbuat xidmətinin rəhbəri Sevinc İsgəndərova vurğulayıb ki, imtahanlar əyani təhsil alan I və II kurslar üçün müvafiq fənlər üzrə yazılı (elektron), test və şifahi (videoqeydiyyatın aparılması ilə), əyani təhsil alan III və IV kurslar üçün test və şifahi (videoqeydiyyatın aparılması ilə) üsulla keçirilir:

 

“Qiyabi təhsil alan (I, II, III, IV, V kurslar) tələbələr üçün imtahanlar test üsulla təşkil edilib. Magistratura səviyyəsində isə bütün imtahanlar şifahi (videoqeydiyyatın aparılması ilə) üsulla keçirilib. İmtahanların keçirilmə qaydası universitetin Elmi şurasının qərarı ilə tənzimlənir. Yaxın gələcəkdə yeni qərar olarsa bununla bağlı məlumat veriləcək”.

 

Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) İctimaiyyətlə əlaqələr və marketinq şöbəsinin müdiri Taleh Mirzəyev qeyd edib k, imtahanların yalnız test üsulu ilə keçirilməsi hazırda gündəmdə deyil:

 

“Universitetin təhsil siyasətinə əsasən, bəzi fənlər üzrə artıq hibrid imtahanlar təşkil olunur. Bu yanaşma həm yazılı, həm də şifahi imtahanları əhatə edir. Belə imtahan formatı tələbələrin daha geniş bilik və bacarıqlarını qiymətləndirmək məqsədi daşıyır.Universitetin strateji hədəflərinə görə gələcəkdə bütün fənlər üzrə imtahanların şifahi və layihəəsaslı formata keçirilməsi planlaşdırılır. Bu dəyişiklik təhsil prosesində bir sıra mühüm üstünlüklər təmin etməyi hədəfləyir:

 

Şifahi və layihəəsaslı imtahanlar tələbələrə yalnız faktları əzbərləmək yox, əldə etdikləri bilikləri təhlil edib yeni fikirlər irəli sürmək imkanı yaradır.Layihələr tələbələrin fərdi və qrup şəklində tədqiqatlar aparmasına, problemləri dərinliklə araşdırmasına şərait yaradır.

 

Standart test formatı yaradıcı yanaşmanı məhdudlaşdıra bilər, halbuki layihəəsaslı tapşırıqlar tələbələrdən orijinal ideyalar ortaya qoymağı tələb edir. Layihə və şifahi imtahanlar tələbələrin nəzəri biliklərini real problemlərə tətbiq etmək bacarığını da yoxlayır.Şifahi imtahanlar tələbələrin fikirlərini aydın və məntiqli şəkildə ifadə etmə qabiliyyətlərini inkişaf etdirir.

 

Bütün bunlar təhsildə daha yüksək keyfiyyətin əldə olunmasına və tələbələrin daha hazırlıqlı olmalarına kömək edə bilər. Test üsulu isə bəzi hallarda yalnız sürətli və obyektiv qiymətləndirmə təmin etsə də, gələcəyin müəllimlərindən tələb olunan əsas bacarıqları inkişaf etdirməkdə kifayət etmir”.

 

Azərbaycan Turizm və Menecment Universitetindən (ATMU) qeyd edilib ki, ATMU-da imtahanlar yazılı, elektron yazılı və elektron test formasında olur:

 

“Bir fakültədə tamamilə elektron formada, bir fakültə isə qismən elektronlaşdırılıb. 100 nəfərlik elektron imtahanlar üçün otağımız mövcuddur, növbəti imtahan sessiyasına kimi 60 nəfərlik otağın da hazırlanması planlaşdırılır.Beləliklə bütün imtahanların eleəktronlaşdırılması istiqamətində işlər görülməkdədir”.

 

Azərbaycan Dillər Universitetinin (ADU) İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Cavid Zeynallı söyləyib ki, yazılı imtahanlarda açıq suallar olur:

 

“Açıq suallar tələbənin təhlil etmə qabiliyyətini inkişaf etdirir, məntiqi arqumentlər qurmasını, əsaslandırılmış cavablar verməsini təmin edir. Bir sözlə analitik tənqidi düşünmə bacarıqlarını inkişaf etdirməyə imkan verir. Eyni zamanda oxuma və yazma vərdişlərinin inkişafına kömək edir. Ona görə də test üsuluna keçməyi düşünmürük”.

 

Bakı Dövlət Universitetindən (BDU) bildirilib ki, BDU-da imtahan sessiyasının hansı formada keçirilməsi ilə bağlı qərar böyük Elmi Şura tərəfindən verilir:

 

“BDU Elmi Şurasının qərarı ilə imtahanlar yazılı və şifahi (dil imtahanları) formada keçirilir. Qiyabi təhsil üzrə isə bütün imtahanlar test üsulu ilə təşkil olunur”.

 

ADA Universitetindən məlumat verilib ki, bu məsələ dərsin xüsusiyətinə görə dəyişir:

 

“Birmənalı olaraq hamısı belə və ya digər şəkildə olmalıdır deyə bilmirik. Bu məsələdə fakültə və müəllim birlikdə qərar verir”.

 

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) Mətbuat katibi Şəhanə Müşfiq qeyd edib ki, bu məsələ universitet tərəfindən tənzimlənən məsələlər deyil:

 

“Nazirlik hansı formada göstəriş verirsə, universitet də onu tətbiq edir. Hələ ki, bizə belə bir göstəriş gəlməyib”.

Chosen
16
azedu.az

1Sources