EN

Təcridxana nəzarətçisi Nərgiz Absalamovaya xəsarət yetirib

1 saylı Bakı İstintaq Təcridxanasının qadın korpusunun əməkdaşı Aygül Babayeva buna qədər Sevinc Vaqifqızıya qarşı da zorakılıq etmişdi

"Abzas Media”nın bir ildən çoxdur saxta ittihamlarla həbsdə saxlanılan daha bir əməkdaşı, jurnalist Nərgiz Absalamova 1 saylı Bakı İstintaq Təcridxanasında zorakılığa məruz qalıb. Bu barədə jurnalistin özü ailəsinə məlumat verib.

O bildirib ki, vəkillə görüşdən qayıdarkən Sevinc Vaqifqızının saxlanıldığı kameraya yaxınlaşaraq ona salam vermək istəyib. Bu zaman onu xüsusi zorakılıqla kameranın qarşısından uzaqlaşdırmağa çalışan Aygül Babayeva adlı nəzarətçi dırnaqları ilə jurnalistin qolunu bir neçə yerdən dərin cızıb. 

Nəticədə Absalamovanın qolunda yara izləri yaranıb.

Jurnalistin bildirdiyinə görə, bu, həmin nəzarətçinin ilk belə davranışı deyil və o, bundan əvvəl də bir neçə dəfə onlara qarşı xüsusi zorakılıq və kobudluq hallarına yol verib.

Məsələ ilə bağlı Ədliyyə Nazirliyinin Penitensiar Xidmətindən münasibət almaq mümkün olmayıb.

Aygül Babayeva bir neçə həftə əvvəl "Abzas Media”nın həbsdə olan baş redaktoru Sevinc Vaqifqızıya qarşı da zorakılıq edib. 

Bu barədə Vaqifqızı özü məlumat verib. 

O deyib ki, ailəsinə zəng etməyə gedərkən həmkarı Elnarə Qasımovanın saxlanıldığı kameranın nəfəsliyinə yaxınlaşıb salam vermək istəyib. Bu zaman Aygül Babayeva onun qolunu şiddətlə sıxaraq divara doğru itələyib.

Ötən ilin noyabrında da nəşrin qadın korpusunda saxlanılan baş redaktoru Sevinc Vaqifqızı, reportyorları Nərgiz Absalamova və Elnarə Qasımova kameralarının nəfəsliklərinin bağlanmasına etiraz edəndə onlara qarşı zor tətbiq olunmuşdu. Nəzarətçilər Sevinc Vaqifqızının qolunu nəfəsliyin qapısı arasında qoyub göyərtmişdilər. Buna etiraz edən Nərgiz Absalamova isə starşina Əzizə Məmmədova tərəfindən təhqir edilmişdi.

Vahid adlı nəzarətçi isə məhbuslara hədə-qorxu gələrək onlardan Elnarə Qasımovanın əleyhinə məcburi ifadələr almışdı. Onlardan tələb olunmuşdu ki, ifadələrində jurnalistin nəzarətçini vurduğunu gördüklərini yazsınlar.

2023-cü ilin noyabrından etibarən Azərbaycanda korrupsiya araşdırmaları aparan "Abzas Media"nın 6 əməkdaşı – direktor Ülvi Həsənli, onun müavini Məhəmməd Kekalov, baş redaktor Sevinc Vaqifqızı, reportyorlar Nərgiz Absalamova və Elnarə Qasımova, araşdırmaçı jurnalist Hafiz Babalı həbs ediliblər.

Ötən il mayında "Azadlıq Radiosu"nun jurnalisti, iqtisadçı Fərid Mehralızadə də "Abzas Media işi" çərçivəsində həbs edilib. Elə həmin gün "Abzas Media" bəyanat yayaraq Mehralızadə ilə əməkdaşlılıq əlaqəsinin olmadığını bildirib.

Jurnalistlərin hamısı əvvəlcə qaçaqmalçılıqda ittiham olunublar.

Avqust ayında isə "Abzas Media işi" üzrə həbs edilən şəxslərə qarşı ittihamlar ağırlaşdırılıb. İstintaqın irəli sürdüyü əlavə ittihamları da nəzərə alsaq, jurnalistləri 8 ildən 12 ilədək həbs cəzası gözləyir.

Yerli və beynəlxalq hüquq müdafiə təşkilatları bu təqibləri siyasi motivli hesab edir və həbs olunanların azad edilməsinə, onlara qarşı ittihamların geri götürülməsinə çağırırlar.
Chosen
1
2
arqument.az

10Sources