EN

Avstraliyadan "DeepSeek"ə qadağa: milli təhlükəsizlik riski

Avstraliya hökuməti dövlət qurumlarına məxsus cihazlarda Çin şirkəti "DeepSeek"in süni intellekt tətbiqinin istifadəsinə qadağa qoyub.  

Valyuta.Az xəbər verir ki, Avstraliyanın daxili işlər naziri Toni Börk "DeepSeek"in hökumət cihazlarında qadağan olunmasına dair qərarı imzalayıb.  

Börk bildirib ki, hökumət ölkənin milli təhlükəsizliyinə risk yaradan halları qadağan etməkdən çəkinməyəcək. Onun sözlərinə görə, bu qadağa tətbiqin mənsub olduğu ölkəyə görə deyil, hökumət üçün yaratdığı risklərə əsasən tətbiq edilib.  

Qərara əsasən, "DeepSeek"in hökumət cihazlarında istifadəsi qadağan edilsə də, dövlət qulluqçuları bu tətbiqdən şəxsi cihazlarında istifadə edə biləcəklər.  

Bununla yanaşı, dövlət qurumları tətbiqin bütün hökumət cihazlarından silindiyini təsdiqləyən hesabatı Daxili İşlər Nazirliyinə təqdim etməlidirlər.  

Xəbərdə bildirilir ki, hökumət bu qadağanı milli təhlükəsizlik və kəşfiyyat agentliklərinin "DeepSeek"in Avstraliya hökuməti üçün ciddi təhlükə yaratdığı barədə tövsiyəsinə əsasən tətbiq edib.  

Qeyd edək ki, Çində "High-Flyer Capital Management" fondu tərəfindən dəstəklənən "DeepSeek", digər süni intellekt şirkətləri ilə müqayisədə daha az çip və aşağı xərclə hazırladığı açıq mənbəli yeni modeli "DeepSeek-R1"i 20 yanvar tarixində istifadəyə verib.  

Dünya üzrə qısa müddətdə geniş yayılmış bu süni intellekt modeli tətbiq mağazalarında ABŞ mənşəli "ChatGPT"ni geridə qoyaraq ən çox yüklənən süni intellekt tətbiqi olub.  

ABŞ Hərbi Dəniz Qüvvələri, Texas ştatı və İtaliya da Avstraliya ilə oxşar qərarlar qəbul edərək "DeepSeek"ə qadağa qoyub.  

Rəhim

Chosen
14
valyuta.az

1Sources