Azərbaycan Prezidenti cənab İlham Əliyevin liderliyi ilə müstəqil dövlətimiz ötən illər ərzində tarixi və möhtəşəm uğurlara imza atıb. Cənab İlham Əliyev ölkəmizə rəhbərlik etdiyi müddətdə bütün sahələr inkişaf edib, əhalinin rifah halı daha da yaxşılaşıb və xalqa verilən vədlər bütünlüklə yerinə yetirilib. Məhz dövlətimizin başçısının həyata keçirdiyi müdrik və uzaqgörən siyasət nəticəsində Azərbaycan sabitlik adasına, təhlükəsizlik məkanına, inkişaf diyarına çevrilib. Ən əsası Azərbaycanın ərazi bütövlüyü və suverenliyi bərpa olunub. Məhz bütün bunların nəticəsidir ki, bir il öncə - 7 fevral 2024-cü ildə keçirilmiş prezident seçkilərində xalqımız öz Liderinə - cənab İlham Əliyevə bir daha sonsuz inam və etimadını ifadə etdi.
Belə ki, seçicilərin 92,12 faizi cənab İlham Əliyevə səs verərək onu növbəti müddətə Prezident seçdi. Budəfəki prezident seçkiləri də yüksək seçici fəallığı fonunda baş tutub, seçici fəallığı 76,73 faiz təşkil edib. Yəni respublika üzrə 4 milyon 971 min 32 nəfər seçki məntəqələrinə gedərək öz iradələrini ifadə ediblər.
Prezident seçkilərinə beynəlxalq səviyyədə də maraq kifayət qədər yüksək oldu. Təsadüfi deyil ki, 125 seçki dairəsi üzrə 6537 seçki məntəqəsində keçirilən seçkiləri 72 beynəlxalq təşkilat, 89 ölkədən 790 beynəlxalq müşahidəçi izləyib. Ən önəmli və tarixi məqam isə seçkilərin ilk dəfə olaraq müstəqil Azərbaycanın öz ərazisi üzərində suverenliyini tam bərpa etməsi şəraitində keçirilməsi idi. Beləliklə, qalib xalq ərazi bütövlüyü və suverenliyi təmin olunmuş ölkənin vətəndaşı olaraq qalib Liderinə - şanlı Zəfərin müəllifinə səs verməklə Heydər Əliyev ideyalarına sədaqət, cənab İlham Əliyevə minnətdarlıq ifadə etdi. Azərbaycan cəmiyyəti haqlı olaraq bu seçkiləri Zəfər seçkisi kimi səciyyələndirir. Cənab İlham Əliyev səsvermə günü ailəsi ilə birlikdə Xankəndi şəhərində təşkil olunmuş seçki məntəqəsində səs verdi. Dövlət başçısının dediyi kimi, Xankəndidə qutuya atdığı bülleten separatçıların tabutuna vurulan son mismar oldu.
Prezident İlham Əliyevin seçkilərdə növbəti dəfə inamlı qələbə qazanması onun uğurlu siyasətinin nəticəsidir. Son 22 ilin mənzərəsi də göstərir ki, dövlət başçısı verdiyi bütün vədləri yüksək səviyyədə yerinə yetirdi. Ölkə iqtisadiyyatında və sosial sahədə misilsiz uğurlar qazanıldı. Bu müddət ərzində ümumi daxili məhsul 4 dəfə artdı, yoxsulluq səviyyəsi 50 faizdən 5,5 faizə endi.
Bu gün dünyada etibarlı tərəfdaş kimi tanınan Azərbaycan bir çox ölkələrlə, o cümlədən qonşularla müxtəlif platformalarda əməkdaşlıq əlaqələri quraraq mövcud münasibətlərini daha da möhkəmləndirir. Eləcə də, Azərbaycanın 155 dövlətin dəstəyi ilə BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilməsi, 120 dövlətin təmsil olunduğu Qoşulmama Hərəkatına sədrlik etməsi, habelə dünya ölkələri ən böyük beynəlxalq konfransın (COP29) Bakıda keçirilməsi haqqında yekdil qərar qəbul edilməsi ölkəmizin dünya miqyasındakı artan nüfuzunun göstəricisidir.
Qazanılan uğurların zirvəsində, təbii ki işğal altındakı torpaqlarımızın azad olunması, ərazi bütövlüyümüzün bərpası ilə nəticələnmiş Vətən müharibəsi, ən nəhayət 2023-cü il sentyabrın 19-da rəşadətli Ordumuzun Qarabağda başlatdığı lokal xarakterli antiterror tədbirləri dayanır. Öz lideri ətrafında “dəmir yumruq” kimi birləşən xalq gücünü və qələbə əzmini bütün dünyaya nümayiş etdirdi. Prezident, Müzəffər Ali Baş Komandan bu qələbə ilə Azərbaycanı qalib ölkəyə, xalqı qalib xalqa çevirdi. Azərbaycanın qazandığı misilsiz uğurların təməlində də məhz xalq-iqtidar birliyi dayandı.
Son 22 ildə Azərbaycanın keçdiyi yola nəzər saldıqda, biz Prezident İlham Əliyevin daim xalqın arzu və istəkləri ilə üst-üstə düşən və reallıqla səsləşən təşəbbüslərlə çıxış etdiyinin şahidi oluruq. Ölkədə aparılan praqmatik siyasət, ilk növbədə, milli maraqların nəzərə alınması ilə şərtlənir. Dövlət başçısı mütəmadi qaydada ictimaiyyətin nümayəndələri ilə görüşür, tez-tez bölgələrə səfərlərə gedir. Dövlət başçısı insanları narahat edən məsələlərlə yerindəcə tanış olur, həmçinin verilən tapşırıqların müvafiq qurumlar tərəfindən necə icra edildiyi ilə maraqlanır. Beləliklə, bir tərəfdən nəzarət möhkəmlənir, digər tərəfdən isə dövlət siyasətinin prioritetləri müəyyənləşdirilərkən yerlərdə insanların qaldırdıqları məsələlər mütləq nəzərə alınır.