“Komanda sayının artırılması məsələsi Azərbaycan futbolu adına mühüm qərarlardan biridir”.
Msport.az xəbər verir ki, bunu AFFA-nın icraçı vitse-prezidenti Sərxan Hacıyev Azərbaycan Premyer Liqasında növbəti mövsümdən etibarən komanda sayının 12-yə yüksəldilməsi ilə bağlı AFFA İcraiyyə Komitəsinin verdiyi qərara münasibət bildirərkən deyib.
Sərxan Hacıyev yaxın müddətdə çempionatın formatının da dəqiqləşəcəyini vurğulayıb: “Uzun illərdən sonra Premyer Liqanın 12 komanda ilə keçiriləcək olması müsbət məqamdır. Çempionatın hansı formatda təşkili ilə bağlı suallar yarana bilər. Maksimum qısa müddətdə bu məsələyə geri dönüş edəcəyik ki, həm I Liqa, həm də Premyer Liqa komandaları indidən planlarını bilsinlər. Növbəti 2-3 həftə ərzində AFFA İcraiyyə Komitəsinin iclası nəzərdə tutulub. Formatla bağlı yaranan bütün suallar orada gündəmə çıxarılacaq və çempionatın gələn mövsümkü formatı öz təsdiqini tapacaq”.
İcraçı vitse-prezident 12 komandalı çempionatla bağlı müxtəlif formatların nəzərdən keçirildiyini sözlərinə əlavə edib: “Hər bir formatın müsbət və mənfi məqamları var. “Altılıq” sistemini görmüşük. Fikirlər müxtəlifdir. Beynəlxalq təcrübələrə də baxılır. Reqlamentə görə, Premyer Liqada sonuncu yeri tutan komanda elitanı tərk etməlidir. Lakin müxtəlif illərdə fərqli qərarlar verilib. Premyer Liqada sonuncu yeri tutan komanda ya pley-off oynamalıdır, ya da elitanı tərk etməlidir. Məqsəd intriqanı qorumaqdır. Bəzən zəif komandanın yüksək motivasiya ilə güclü rəqibinə qalib gəlməsi hallarının da şahidi olmuşuq. Pley-offun neçə oyundan ibarət olması da bu məsələdə önəmli rol oynayır. Bütün bunlara İcraiyyə Komitəsinin iclasında aydınlıq gələcək”.