EN

Məcburi köçkünlərin təhlükəsizliyi və məşğulluğu ilə bağlı məsələlər müzakirə olunub

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi tərəfindən keçmiş məcburi köçkünlər üçün “Böyük Qayıdış: Təhlükəsiz həyat və məşğulluq” adlı maarifləndirmə tədbiri keçirilib.

Komitədən AZƏRTAC-a verilən məlumata görə, tədbirdə geri qayıdacaq əhali arasında və Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) əməkdaşları tərəfindən mina və partlamamış sursatlarla bağlı məlumatlılıq səviyyəsinin artırılması məqsədilə iştirakçılara müxtəlif mina növləri, müharibənin partlayıcı qalıqları və əldəqayırma partlayıcı qurğular barədə məlumat verilib. Həmçinin minalardan və müharibənin partlayıcı qalıqlarından qorunmaq qaydaları geniş şəkildə izah edilib.

Komitənin Məşğulluq sektorunun müdiri Kamran Ağaməliyev tədbirdə çıxış edərək Böyük Qayıdışa dair I Dövlət Proqramı haqqında tədbir iştirakçılarına ətraflı məlumat verib. Bildirilib ki, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış zamanı keçmiş məcburi köçkünlərin rahat və təhlükəsiz yaşayış şəraitinin qurulması kimi onların iqtisadi imkanlarının genişləndirilməsi və məşğulluğunun təmin edilməsi də ön plandadır. Prezident İlham Əliyev məcburi köçkünlərin maddi rifah halının yaxşılaşdırılmasını hər zaman diqqət mərkəzində saxlayıb. İşğaldan azad edilən ərazilərin yenidən qurulması zamanı müxtəlif müəssisələr də istifadəyə verilir, yeni iş yerləri açılır ki, bunlar da geri qayıdan sakinlərin məşğulluğunun təmin edilməsinə şərait yaradır.

Bu kateqoriyadan olan həmvətənlərimiz üçün gəlir gətirən fəaliyyətlərin dəstəklənməsi çərçivəsində məlumatlandırma, təbliğat-izahat və təşviqat işlərinin həyata keçirilməsinin böyük əhəmiyyət daşıdığı vurğulanıb.

Qeyd edilib ki, Dövlət Komitəsi məcburi köçkünlərin doğma yurdlarına qayıdışı prosesində onların məşğulluq məsələlərinin həlli istiqamətində məqsədyönlü zəruri işlər aparır.

Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb, onların tədbir barədə təəssüratları dinlənilib, qarşılıqlı maraq doğuran məsələlər müzakirə olunub.

1Sources