EN

Nasser Djiqa 12 milyon avroya “Vulverhempton”da

Serbiyanın “Srvena Zvezda” klubunun mərkəz müdafiəçisi Nasser Djiqa bundan sonra “Vulverhempton”un uğurları üçün çalışacaq.

Arena.az bu barədə İngiltərə klubunun rəsmi saytına istinadən xəbər verir.

Premyer Liqa təmsilçisi bu transferi 12 milyon avroya rəsmiləşdirib. Burkina Faso yığmasının da üzvü olan 22 yaşlı futbolçu yeni klubu ilə müddəti 2030-cu ilin 30 iyununadək nəzərdə tutulmuş müqaviləyə imza atıb.

Nasser Djiqa peşəkar karyerasına Niderlandın “Vitess” klubunda başlayıb. “Bazel”, “Nim” kimi klubların da formasını geyinmiş müdafiəçi “Srvena Zvezda”ya 2023-cü ilin yayında icarə əsasında qoşulub. Bir il sonra isə Serbiya klubu “Bazel”ə 3 milyon avro ödəməklə onun transfer hüquqlarını da alıb. Djiqa “Srvena Zvezda”nın heyətində 56 oyuna çıxıb, 4 qol vurub, 3 məhsuldar ötürmə müəllifi olub. 2022-ci ildən Burkina Faso yığmasında çıxış edən Djiqa 8 oyunda 1 qol vurub.

“Vulverhempton”da iki ayrılıq da yaşanıb. Premyer Liqa klubunun hücumameyilli yarımmüdafiəçisi Lyuk Kandl “Milluol”a keçib. “Canavarlar” 22 yaşlı ingiltərəli futbolçunun satışından 1,2 milyon avro qazanıblar. “Suonsi Siti”, “Plimut” və “Stok Siti”də icarədə də oynamış Kandl, “Vulverhempton”un heyətində cəmi 7 matça çıxıb.

İngiltərə klubunun digər hücumameyilli yarımmüdafiəçisi Tavanda Çireva da “Haddersfild”ə icarəyə verilib. Zimbabveli futbolçu cari mövsümün sonunadək icarədə olacaq.

Tavanda Çireva “İpsviç Taun”un yetirməsidir. 2023-cü ildən “Vulverhempton”da olan 21 yaşlı futbolçu “Derbi Kaunti”də də icarədə çıxış edib. Çireva 2024-cü ilin iyununda debüt etdiyi Zimbabve yığmasında 4 oyuna çıxıb, 1 qol vurub.

Chosen
27
arena.az

1Sources