Ekspertlər deyir ki, bu məsələlər lisenziya ilə qaydaya salınmalı, akkreditasiya sistemi tətbiq edilməlidir
“Müəyyən yoxlamaların ləğvinin bəzi özəl tibb müəssisələrində gigiyena, xidmət keyfiyyəti və peşəkar standartların aşağı düşməsinə səbəb olduğu hamımıza məlumdur”. Bunu deputat Rəşad Mahmudov Milli Məclisin son plenar iclasında bildirib.
Deputat qeyd edib ki, bəzi özəl müəssisələr yoxlamaların olmamasından sui-istifadə edərək keyfiyyətsiz və sertifikatsız tibbi xidmətlər təqdim edir: “İstehlakçı hüquqlarının müdafiəsində probemlər yarandı. Saxta və standartlara cavab verməyən müəssisələrin çoxalmasını müşahidə edirik. Bu o demək deyil ki, ölkədəki bütün özəl tibb müəssisələrinin hər birində problemlər var. Ölkədə kifayət qədər yüksək səviyyədə xidmət göstərən tibb müəssisələrimiz var. Dünya təcrübəsindən də bilirik ki, özəl tibb müəssisələri həm də ölkələrdə ümumi tibbi keyfiyyətin artırılması üçün lokomotiv rolunu oynayır. Amma nəzarətsiz qalan bəzi tibb müəssisələrinin sui-istifadə edərək bu şəkildə addımlar atması ölkədə cəmiyyətlə tibb sahəsi mütəxəssisləri arasında uçurumların yaranmasına səbəb olur. Bu yoxlamaların dayandırılmasından sui-istifadə hallarının aradan qaldırılması üçün müzakirələrin aparılmasına, bəlli qayda və qanunların düzənlənməsinə ehtiyac var”.
Tanınmış həkim Adil Qeybulla “Yeni Müsavat”a açıqlamasında bildirib ki, mülkiyyət formasından asılı olmayaraq, hər bir tibb müəssisəsi Azərbaycan qanunları ilə fəaliyyət göstərməlidir: “Çox təəssüflər olsun ki, müxtəlif gözəllik salonlarında, bəzi özəl klinikalarda lisenziya ilə verilmiş hüquq və imkanlardan kənar fəaliyyətlərlə məşğul olurlar. Gözəllik salonlarında tibbi prosedurların, kosmetoloji işlərin aparılması tamamı ilə qadağandır, dünyanın heç yerində belə şey yoxdur. Hər bir özəl xəstəxana lisenziya ilə ona verilən tibbi fəaliyyət hüququ əsasında işləməlidir. Hər xəstəxanada doğuş, genişmiqyaslı reanimasiya tələb edən ürək əməliyyatı keçirilə bilməz. Lisenziyada bunlar nəzərdə tutulmayıbsa, deməli, həmin xəstəxana bu işlərlə məşğul olmamalıdır. Özəl klinikaların fəaliyyəti təftiş edilməlidir. Orada ixtisasına uyğun olmayan və yaxud da saxta sənədlə çalışan insanlar aşkarlanır. Bu məsələlər lisenziya ilə qaydaya salınmalı, akkreditasiya sistemi tətbiq edilməlidir”.
İnvaziv ağrı mütəxəssisi, həkim Zülfüqar Yusifov “Yeni Müsavat”a mövzunu şərh edərkən deyib ki, özəl klinikaların fəaliyyəti Nazirlər Kabinetinin xüsusi qaydaları ilə tənzimlənir: “Özəl xəstəxana yaradılarkən onun bütün parametrləri Səhiyyə Nazirliyinə təqdim olunur. Nazirliyin 37 nömrəli təlimatı var, klinika onun əsasında yaradılır. Burada ayrı-ayrı şöbələrin, palataların qurulması üçün xüsusi tələblər var. Səhiyyə Nazirliyinin özəl qurumlara lisenziya verən şöbəsi tərəfindən mütəmadi olaraq əlaqə saxlanılır və onların tövsiyələri ilə bu işlər görülür. Sonda həmin şöbənin əməkdaşları tərəfindən hazırlıqlar dəyərləndirilir və işə başlamaq üçün lisenziya verilir. Onu da qeyd edim ki, lisenziya verilənədək klinikada çalışacaq kadrlar da sertifikasiyadan keçməlidirlər. Bu tələblər olmasa, "ASAN xidmət" tərəfindən müraciət sənədləri götürülmür. Özəl klinikada mütəmadi yoxlamaların olması da işə fayda verən məsələ deyil. Çünki özəl klinikaların özlərinin daxili qaydaları var. Qanunvericilikdə də vaxtaşırı yoxlamalarla bağlı göstəriş yoxdur.
Əlbəttə ki, fəaliyyət dövründə kənaraçıxmalar, şikayətlər olduqda Səhiyyə Nazirliyinin müvafiq komissiyası tərəfindən özəl müəssisədə araşdırmalar aparılır".