EN

Kadinin qayıdışı

“Qarabağ” sabiq oyunçusu Kadi Borgesi yenidən heyətinə qatıb. Braziliyalı vingerlə 4 illik müqavilə imzalanıb.

Kadi daha əvvəl – 2021-2023-cü illərdə “Qarabağ”ın formasını geyinib. O, Azərbaycan təmsilçisində sərgilədiyi performansla Rusiyanın “Krasnodar” klubunun diqqətini çəkib. “Atlılar”ın formasıyla 75 oyunda 28 qol vuran və eyni sayda məhsuldar ötürmə edən Kadi 2 milyon avro qarşılığında Rusiya klubuna transfer olunub. Lakin Kadinin “Krasnodar” karyerası uğurlu alınmayıb.

Yeni vaxtlarında başından zədə alan Borges bir müddət yaşıl meydanlardan uzaq qalıb və bu, onun performansına təsirsiz ötüşməyib. Tam bərpa olunduqdan sonra oynamağa başlayan yarımmüdafiəçi Rusiya Premyer Liqasında 33 oyunda 5 qol vurub, 3 məhsuldar ötürmə edib. “Krasnodar” karyerası çox çəkməyən Kadinin növbəti ünvanı “Ferentsvaroş” olub. Ötən ilin yayında Macarıstana yollanan Kadi burda da özünü yaxşı tərəfdən göstərə bilməyib. Ehtiyat oyunçuya çevrilən və start heyətdə az oyunlara çıxan Kadi “Ferentsvaroş”da bu mövsüm ümumilikdə 27 oyuna çıxıb. 3 qol vuran yarımmüdafiəçi 7 məhsuldar ötürmə ilə oynayıb.

Karyerasının ən yaxşı vaxtlarını “Qarabağ”da keçirən və bu komandada yüksəlişdə olan Kadi Azərbaycanda ikinci baharını yaşayacaq. Braziliyalı futbolçu ilə müqavilə 4 illik nəzərdə tutulub. Kadinin uyğunlaşma problemi olmayacaq. Azərbaycan futbolunu yaxşı bilən braziliyalının qayıdışı azarkeşləri də sevindirib. Fanatların sevgisini qazanan Kadinin yaxın zamanda ikinci dönəmində debüt edəcəyi gözlənilir.

Chosen
16
futbolpress.az

1Sources