EN

"Bank sektorunda faiz dərəcələrinin aşağı salınması üçün Mərkəzi Bankın aktivliyi zəruridir" - İqtisadçı-ekspert

İqtisadçı-ekspert Aslan Əzimzadə QHT.az -a açıqlamasında bank sektorunun ölkə iqtisadiyyatının inkişafındakı roluna toxunaraq, bu sektorun əsas vəzifəsinin sahibkarlıq subyektlərini ucuz maliyyə vəsaitləri ilə təmin etmək olduğunu bildirib. Onun sözlərinə görə, bankların təklif etdiyi yüksək kredit faiz dərəcələri ölkədəki istehsal sektorunun rentabelliyini mənfi şəkildə təsir edir.

A. Əzimzadə digər ölkələrlə müqayisə edərək, xüsusilə Çində kənd təsərrüfatı sektoruna verilən kreditlərin faiz dərəcəsinin 0,5 - 1 faiz arasında olduğunu qeyd edib:

"Lakin Azərbaycanda sahibkarlıq subyektlərinə verilən kreditlərdə standart faiz dərəcələrinin tətbiq olunması və sektorların rentabelliyinin nəzərə alınmaması ciddi problemə yol açır".

İqtisadçı ekspert həmçinin Mərkəzi Bankın fəaliyyətini daha aktivləşdirməsinin vacibliyini vurğulayıb. Onun sözlərinə görə, Mərkəzi Bankın uçot faiz dərəcəsini aşağı salması, kommersiya banklarının faiz dərəcələrini aşağı salmaqla nəticələnmir, çünki kommersiya banklarının balansında Mərkəzi Bankdan götürdükləri pul məbləği çox azdır:

"İnvestisiya banklarının yaradılması və onların faiz dərəcələrinin aşağı salınması, nəticədə digər bankların da faiz dərəcələrini aşağı salmasına səbəb olacaq və rəqabətliliyi artıracaq. Bu isə bank sektorunda faiz dərəcələrinin ümumilikdə aşağı düşməsinə gətirib çıxaracaq".

 

Pərvanə Fərhadqızı

Chosen
28
qht.az

1Sources