EN

Səməd Vurğun yaltaq idimi? – Yazıçılar DANIŞIR – SORĞU

Yazıçı, tərcüməçi, tarixçi Əlisa Nicatın müsahibələrinin birində Xalq şairi Səməd Vurğun haqda dediyi sözlər gündəmə düşüb və sosial şəbəkələrdə kəskin tənqid olunub. O bildirib ki, Səməd Vurğun qədər yaltaq şair olmayıb.

“1937-1938-ci illərdə Səməd Vurğunu tutmuşdular, sürgün edəcəkdilər. O vaxt hamıya yalandan “xalq düşməni” adı vururdular. Çünki Moskvadan verilən “planı” doldurmaq lazım idi. Yoxsa Səməd Vurğun çox yaltaq şair olub. Onun qədər yaltaq şair olmayıb”. – deyə o qeyd edib.

Medianews.az Əlisa Nicatın fikirləri ilə bağlı yazıçıların münasibətini öyrənib.

Cavabları təqdim edirik:

Səfər Alışarlı: “Mirzə Cəlilə hücumun səbəbi aydın deyil”

Yazıçı Səfər Alışarlı:

“Tarix kimin kim olduğunu yaxşı bilir. Bu məsələ mənim üçün maraqsızdır. Azərbaycanın bu gün ictimai tribunalardan müzakirə etməyə daha vacib və ciddi məsələləri var. Məsələn, uşaq doğumunun qarşısının alınması üçün ailələrin qanunvericilik yolu ilə dağıdılması. Gənclərimizin işsizlik üzündən ölkəni kütləvi tərk etməsi”.

Doğum gününüz mübarək! | WWW.YAZARLAR.AZ

Yazıçı Fəxri Uğurlu:

“Haqsız, insafsız danışıb, doxsan yaşlı yazıçıya belə danışmaq heç bir hörmət gətirməz, tam əksinə, olan hörmətini də yuyub aparar. Səməd Vurğunun yaşadığı dövrü anlamaq ona hərtərəfli, obyektiv baxış tələb eləyir. Əlisa Nicat məlumatlı adam olsa da, dərin düşüncəsi, obyektiv təhlil qabiliyyəti yoxdur. Hətta bir kitabında Şellinq, Hegel kimi filosoflar haqqında “içiboş” ifadəsini işlətmişdi. Bilmirsən güləsən, ya ağlayasan. Soruşmaq istəyirsən ki, a kişi, bəs sən əlli ildi oxuduğun kitablardan nə götürmüsən? Klassik alman fəlsəfəsi tarixin, incəsənətin gedişatını dəyişib, bu isə onun iki parlaq nümayəndəsi haqqında görün hansı ifadəni dilə gətirir. Nədi-nədi, rəsmi dairələr onlara rəğbət bəsləyib. Bu adam o boyda rus ədəbiyyatını danır. Cavanlara məsləhət görərdim ki, belə sözlərə könül verməsinlər. Səməd Vurğunun ədəbi dilimizin inkişafında misilsiz rolu var. Dil olmasa, millət də olmaz, demək, o kişi həm də bu millətin keşiyini çəkmiş adamlardan biridir. Əlisa Nicatın əsərlərinə bələd olanlar bilirlər ki, onun bir yazıçı kimi dil duyumu ortadan da aşağıdır. Ağsaqqal adamdır, daha bundan artıq nəsə demək istəmirəm”.

Kamal Abdullayla şəxsi tanışlıqdan sonra əlim işdən soyudu” – Cəlil Cavanşir

Şair, yazıçı Cəlil Cavanşir:

“Səməd Vurğun  artıq müzakirə olunmalı mövzu deyil. Əlisa müəllim də belə şeylərə vaxt itirməsə daha gözəl olar”.

Ramil Əhməd: “Ciddi şairin kitabının çox satılması yadıma gəlmir” – Müsahibə

Şair, esseist Ramil Əhməd:

“Səməd Vurğun yaltaq idimi? Cavab “hə” olsa nə dəyişir, “yox” olsa nə? Tənqid Sovet dövrünün yaratdığı vəziyyətədir, amma tənqid edən də məsələyə Sovet məntiqi ilə yanaşır: nümunəvi sənətkar obrazı yaratmaq, şəxsin mətnin önündə olması, yaradıcıların xüsusi kateqoriyaya bölünməsi və sair.

Ədəbi mətnin “səmimi”, “dürüst”, “cəsarətsiz” və sair kimi meyarları, ölçüləri yoxdur. Bu ədəbi mətni yaradan şəxsə aid olan keyfiyyətlər ola bilər. Bu da şəxsi bir məsələdir. Dünyanın ən gözəl ədəbi mətnlərini yaratmış adamlar ən müxtəlif xarakterə, ən müxtəlif dünyagörüşünə, həyat tərzinə sahib olublar.

Üstəlik, 2025-in reallığı ilə 1937-ni qiymətləndirmək də yanlış metoddur. Səməd Vurğunun hətta ən siyasi mətnlərindən olan “Komsomol poeması” belə estetika baxımından yüksək səviyyədədir. Oradakı fikirlər, düşüncələr, reallıqlar bugünlə səsləşməyə bilər, amma bu o demək deyil ki, 30-cu illərin belə bir reallığı yox idi.

Məncə, problem belə bir fikrin olmasında yox, “O, yaltaqdır” deyənlə “O, dahidir” deyən arasında mahiyyətcə, üslubca ciddi bir fərqin olmamasındadır.

Səməd Vurğun yaltaq idimi? Sizcə, cavab “hə” olsa nə dəyişir, “yox” olsa nə?”

Oğuz Ayvaz

Chosen
3
1
medianews.az

2Sources