Ermənistan İstintaq Komitəsi Merdzavan qəsəbəsi administrasiyasının rəhbəri Mher Axtoyanın evinə silahlı hücumdan sonra adam öldürməyə cəhd və qanunsuz silah dövriyyəsi ilə bağlı cinayət işi açıb.
“Report” Ermənistan KİV-ə istinadən xəbər verir ki, bu barədə İstintaq Komitəsinin mətbuat katibi Kima Avdalyan məlumat verib.
"Bir ölü və bir yaralı var", - qurumun nümayəndəsi bildirib.
Onun sözlərinə görə, Ermənistan Cinayət Məcəlləsinin 155-ci maddəsinin 1-ci hissəsi (qətl), 335-ci maddəsinin 1-ci hissəsi (odlu silahın qanunsuz dövriyyəsi), 297-ci maddəsinin 3-cü hissəsi (informasiya və ya kommunikasiya texnologiyalarından istifadə etməklə xuliqanlıq) və 144-155-ci maddələri (adam öldürməyə cəhd) ilə cinayət işi açılıb. Bu maddələr üzrə maksimum cəza müddəti 5-15 arasında dəyişir.
Hadisə fevralın 5-də gecə saatlarında baş verib, naməlum şəxslər Axtoyanın evinə silahla hücum ediblər.