Bakı, 5 fevral, AZƏRTAC
Təhsil istənilən cəmiyyətin inkişafının əsas dayaqlarından biridir. Azərbaycanın təhsil sistemində həyata keçirilən islahatlar, görülən işlər və əldə olunan nailiyyətlər bu sahədə dövlət siyasətinin uğurla icra edildiyini göstərir. Elm və Təhsil Nazirliyi son illərdə təhsilin inkişafı istiqamətində mühüm addımlar atıb. Bununla belə, bəzən ictimaiyyət arasında bu sahədə görülən işlər barədə məlumatsızlıq müşahidə olunur və müəyyən tənqidi fikirlər səsləndirilir.
Bu fikirləri AZƏRTAC-a müsahibəsində ixtisas seçimi və karyera planlaması üzrə mütəxəssis, təhsil eksperti Ramin Nurəliyev deyib. O bildirib ki, son 5 ildə Azərbaycan universitetləri təhsilin keyfiyyətinin artırılması, şəffaflıq və korrupsiyaya qarşı mübarizə istiqamətində mühüm irəliləyişlər əldə edib. Ekspert universitetlər arasında rəqabət mühitinin formalaşdığını, beynəlxalq reytinqlərdə Azərbaycan ali məktəblərinin adının daha çox çəkildiyini qeyd edib: “Xaricdə təhsil alan tələbələrə dövlət dəstəyi genişlənib. “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” və “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” uğurla icra edilib. 2022-2028-ci illərdə yeni proqram çərçivəsində tələbələrin nüfuzlu xarici universitetlərdə təhsil almasına dəstək göstərilir.
Son illərdə dövlət sifarişli ixtisasların sayı artırılıb. Hazırda plan yerlərinin 50 faizə yaxını dövlət hesabına maliyyələşdirilir. Bu, təhsilin əlçatanlığını artırmaqla yanaşı, gənclərin karyera seçiminə də müsbət təsir göstərir.
Türkiyə-Azərbaycan Universiteti, İtaliya-Azərbaycan Universiteti kimi yeni ali təhsil ocaqlarının fəaliyyətə başlaması ölkəmizin beynəlxalq ali təhsil sisteminə inteqrasiyasının göstəricisidir.
Ali təhsil sahəsində Qarabağ Universitetinin təsis edilməsi böyük uğur kimi qiymətləndirilir. İşğaldan azad edilmiş ərazilərdə məktəblərin tikilməsi və bərpası təhsilin bütün ölkə ərazisində inkişafını təmin edir. 2024-cü ildə 6 ümumi təhsil və 3 məktəbəqədər təhsil müəssisəsi fəaliyyətə başlayıb.
Peşə təhsili sahəsində dövlət sifarişli yerlərin artırılması və bu istiqamətdə nəzarət mexanizmlərinin gücləndirilməsi təhsilin əmək bazarına uyğunlaşdırılması baxımından əhəmiyyətlidir.
Hazırda Azərbaycanda məktəbəqədər təhsilə cəlb olunma göstəricisi 35,7 faizdir. Bu rəqəmin 50 faizə çatdırılması hədəflənir. 2024-cü ildə 14 yeni məktəbəqədər təhsil müəssisəsi istifadəyə verilib”.
Ramin Nurəliyev müəllimlərin və məktəb direktorlarının mərkəzləşdirilmiş imtahan vasitəsilə seçilməsi, eləcə də sertifikatlaşdırma prosesinin bu sahədə şəffaflığın təmin olunmasına mühüm töhfə verdiyini vurğulayıb: “Müəllimlərin sertifikatlaşdırılması onların peşəkar bacarıqlarının artırılması və əməkhaqlarına əlavələr edilməsi baxımından əhəmiyyətlidir.
STEAM və “Rəqəmsal bacarıqlar” layihələri çərçivəsində 500 mindən çox şagird müasir texnologiyalardan istifadə edərək bilik əldə edir. Şagirdlərimizin dünya fənn olimpiadalarında və beynəlxalq müsabiqələrdə qazandıqları medallar Azərbaycan təhsilinin inkişaf göstəricilərindən biridir. 2023-2024-cü illərdə şagirdlər beynəlxalq olimpiadalarda ümumilikdə 63 medal qazanıblar.
Bütün bu nailiyyətlərə baxmayaraq, müəyyən problemlər də mövcuddur. Xüsusilə, yuxarı sinif şagirdlərinin ali məktəblərə hazırlıq üçün məktəbdənkənar kurslara üz tutması və məktəbə davamiyyətin azalması məsələsi hələ də aktualdır. Bununla bağlı əlavə tədbirlərin görülməsi vacibdir.
Ulu Öndər Heydər Əliyevin “Təhsil millətin gələcəyidir” fikrini xatırladaraq qeyd etmək istərdim ki, təhsilin inkişafı yalnız dövlətin deyil, cəmiyyətin bütün üzvlərinin dəstəyi ilə mümkün ola bilər. Dövlət və vətəndaş cəmiyyəti birgə əməkdaşlıq edərək Azərbaycan təhsilinin daha yüksək səviyyəyə çatmasına töhfə verməlidir”.