EN

Mədəniyyət və incəsənət xadimləri böyük ustadın yaradıcılığı haqqında: “Bir kərə həyatınıza daxil olan Qara Qarayev, əbədi olaraq orada qalacaq...”

Bakı, 5 fevral, Anara Axundova, AZƏRTAC

2025-ci il fevralın 5-də Azərbaycan mədəniyyətinin görkəmli nümayəndəsi, dahi bəstəkar, akademik, tanınmış pedaqoq-alim və ictimai xadim, SSRİ Xalq artisti, Sosialist Əməyi Qəhrəmanı, SSRİ və Azərbaycanın Dövlət mükafatları laureatı Qara Qarayevin anadan olmasının 107 ili tamam olur.

Bu əlamətdar gün münasibətilə AZƏRTAC müxtəlif ölkələrdə yaşayan və çalışan mədəniyyət və incəsənət xadimləri, musiqi sahəsinin nümayəndələri ilə söhbətlər aparıb.

Fəxrəddin Kərimov (Azərbaycan) - Azərbaycanın Xalq artisti, Qara Qarayev adına Dövlət Kamera Orkestrinin baş dirijoru və bədii rəhbəri:

- Yüksək mədəniyyətə malik olan Qara Qarayev, şübhəsiz ki, təkcə Azərbaycan incəsənətinin deyil, həm də dünya klassik musiqisinin inkişafına böyük töhfələr verib. Görkəmli bəstəkar, pedaqoq və mütəfəkkir, mükəmməl zövqə və yüksək intellektə malik olan, istedadlı bəstəkarların bütöv bir qalaktikasını yetişdirmiş Qara Qarayev dövlət xadimi kimi də şəxsiyyətinin çoxşaxəliliyini nümayiş etdirib. Sözsüz ki, Qara Qarayev ölkəmizin sərvətidir.

Gənclik illərimdən Qarayevin əsərlərini dinləmişəm və Moskva Konservatoriyasının tələbəsi kimi, öz növbəsində, bizə, gənc musiqiçilərə çox diqqətli olan bu gözəl insanla görüşmək və ünsiyyət qurmaq mənə nəsib olub. Onun peşəsinə diqqəti, faydalı məsləhətləri və həmişə kömək etmək istəyi valehedici idi. Bütün səviyyələrdə, o cümlədən hökumətdə ona olan hörmət və ehtiramı görməmək mümkün deyildi. Məhz Qara Qarayevin təşəbbüsü ötən əsrin 60-cı illərində bu gün onun adını daşıyan Filarmoniyanın Dövlət Kamera Orkestri yaradılıb. Konsertlərdə çıxış edən və təkcə onun əsərlərini deyil, başqalarını da ifa edən bir musiqiçilər üçün dahi Qara Qarayevin bizə miras qoyduğu yüksək məqsəd və idealları yaşatmaq vacibdir. Əminliklə və qürurla deyə bilərəm ki, onun musiqisi ustalıqla yazılıb, səmimi və əbədidir.

Adilə Əliyeva (Fransa) - dünya şöhrətli pianoçu, Azərbaycanın Əməkdar artisti, Fransa Ali Beynəlxalq Musiqi Akademiyasının direktoru, professor:

- Qara Əbülfəz oğlu böyük inqilabçı bəstəkar və simpatik, gözəl insandır. O, həm bəstəkar, həm musiqiçi, həm də bir insan kimi həyatımda gördüyüm ən layiqli, saf, dürüst şəxsiyyətlərdən biridir.

Onun haqqında, dahi zəkası barədə çox danışmaq olar. Çox məsuliyyətli insan idi, gözəl üslubu vardı, məncə bu keyfiyyətləri çoxları mənimsəməlidir, hərçənd bunu etmək çox çətindir. Onun əxlaqi keyfiyyətləri ən yüksək səviyyədə idi. Bu insanı tanıdığım üçün fəxr edirəm. Mən onun sonatinalarını ifa edəndə tanış olduq, həmin vaxt 7-8 yaşım vardı. O, mənim ifamı çox bəyəndi. Amma qəfildən dedi: “Notları mənə göstərin”. Amma məlum oldu ki, notlarda səhvlər olub və hamı əsəri yanlış ifa edib. O, bu barədə mənə dedi və çox xoşbəxt idim! Dərhal redaksiyaya zəng vurub notları yenidən yazıblar. Bu adam çox prinsipial idi. Yumşaq, mehriban, xeyirxah xasiyyəti, amma həm də belə bir polad nüvəsi var idi!

Oğlu Fərəc bir dəfə demişdi ki, Qara Əbülfəz oğlu yaradıcılığının ancaq yarısını reallaşdırıb, çünki onun çoxlu başqa istedadları olub, lazım olanda onları məharətlə tətbiq edib, çox iş görüb, insanlara çox kömək edib. Onun Moskva bəstəkarlarına necə kömək etdiyinin, SSRİ Bəstəkarlar İttifaqı İdarə Heyətinin birinci katibi Tixon Xrennikovun müavini vəzifəsində nə qədər çalışdığının, ümumilikdə xeyli iş gördüyünün şahidi oldum.

Musiqisi isə heyrətamizdir, elə onun özü kimi çox sərtdir. O, həmişə yenilikçi formalar tapırdı. Qara Qarayev həmişə musiqinin keyfiyyəti üçün mübarizə aparıb. Onun heyrətamiz musiqisinin sirri nədir? Çünki Tanrı ona çox şey verib və o, öz soyuqqanlılığı, vətəndaş cəsarəti, vətənpərvərliyi sayəsində bütün bunları həyata keçirə bildi. Çox şadam ki, indi Azərbaycanda Qara Əbülfəz oğlunun xatirəsi çox yaxşı anılır. Onun xatirəsi həmişə yaşadılmalıdır, çünki Qara Qarayev dahi musiqiçi, böyük insan və ölkəsinin əsl vətənpərvəridir. Belə bir insan hər bir xalqın fəxridir!

Elşad Bağırov (Türkiyə) - dirijor, Əməkdar incəsənət xadimi:

- Qara Qarayevin yaradıcılığı bütün Azərbaycan bəstəkarlıq məktəbinin istiqamətini müəyyənləşdirdi. Belə ki, 30-dan çox tələbə Üzeyir Hacıbəylidən sonra estafeti əlinə götürərək elm və təhsil məşəlini daşıyan professor Qarayevin sinfinin məzunları olub.

Fevralın 7-də bəstəkarın doğum gününə həsr olunmuş konsertdə orkestrə dirijorluq edəcəyəm. Qara Əbülfəz oğlunun erkən və sonrakı əsərləri – ötən əsrin 50-ci illərində yazılmış və Üzeyir Hacıbəyli adına Simfonik Orkestrə həsr olunmuş “Alban rapsodiyası” və bəstəkarın 70-ci illərin sonlarında ərsəyə gətirdiyi “Çılğın qaskoniyalı” adlı son böyük əsəri ifa olunacaq. Axşam, həmçinin “İldırımlı yollarla” baletindən məşhur süitanı dinləyəcəyik.

Hər kəsi konsertdə görməyə şad olarıq!

Olqa Domnina (İtaliya) - pianoçu, bir çox beynəlxalq müsabiqələrin qalibi, Qnesinlər adına Rusiya Musiqi məktəbinin və London Kral Musiqi Akademiyasının məzunu:

- Bir kərə həyatınıza daxil olan Qara Qarayev, əbədi olaraq orada qalacaq - səhnənin hansı tərəfində olmağınızın fərqi yoxdur. Maestronun cazibəsi həm musiqisevərləri, həm də musiqiçini cəlb edəcək. Onun ölməz əsərləri ilə tanış olandan sonra dahi bəstəkarın musiqisinin dərinliyi səni bürüyən hissləri yaddaşından silməyə, unutmağa imkan verməyəcək. Mən bunu öz təcrübəmdən bilirəm. Məhz onun bəstələrinin bitməyən dərinliyi məni düzgün yol, intonasiya, tembr tapmaq üçün sonsuza qədər musiqi vərəqlərini doldurmağa vadar etdi ki, bu da Qarayevin musiqisini bu qədər cəlbedici edən o sirli amildir. Həmkarlarım da eyni yoldan keçdilər; bu, adətən keşikçilərin təəssüflə saatlarına işarə edərək məşqləri bitirməsi ilə sübut edildi. Amma bütün bu əzablar musiqiçini yalnız o zaman təqib edir ki, onun qarşısına Qara Qarayevin əsərlərinin də daxil olduğu şedevr çıxır. Musiqisinin geniş populyarlığına baxmayaraq, düşünürəm ki, Qarayevin cazibəsi əsl sənətə biganə olmayan daha çox insanı cəlb edəcəkdir.

Yelena Reviç (Rusiya) - skripkaçı, P. İ. Çaykovski adına Moskva Konservatoriyasının musiqi müəllimi, Rusiya Federasiyasının Əməkdar artisti:

- Qara Qarayevin skripka və fortepiano üçün sonatasını ifa etmək imkanım oldu. Bu, görkəmli kamera əsəridir - həm Şostakoviç məktəbini, həm də bəstəkarın fərdi rəng çalarlarını eşidə bilərsiniz, buna yalnız Qarayevin əsərlərində rast gəlmək olar və bu, sonatanı daha maraqlı edir. Skripkanın bütün imkanları nəzərə alınmaqla, əsər instrumental şəkildə ustalıqla yazılıb. Bu, ifa etməkdən xoşbəxt olduğum repertuar əsəridir!

Gülnarə Səfərova (Yaponiya) – pianoçu, beynəlxalq müsabiqə laureatı, pedaqoji elmlər doktoru, dosent, Yaponiyada Azərbaycan musiqisinin təbliğatçısı:

- Qara Qarayevin musiqisi haqqında çox yazılıb, onun yaradıcılığı müxtəlif nəsillərin görkəmli musiqişünasları və ifaçıları tərəfindən geniş tədqiq edilib. Bu gün də bir çox gənc tədqiqatçı və gənc musiqiçi Qarayevin musiqisinə təkrar-təkrar qayıdır, onu öyrənir və ifa edir. Qarayevin musiqisi klassik musiqi ənənələrinə söykənən, eyni zamanda, çox bariz milli Azərbaycan rüşeymini özündə birləşdirən olduqca dərin, unikal musiqi dünyasıdır. Bu vəhdət Qarayevin musiqisini fərqli və çox orijinal edir. Mən Yaponiyaya gələndə konsertlər vasitəsilə Azərbaycan musiqisini təbliğ etməyə başladım. Qarayevin bütün əsərlərinin Yaponiyada premyerası olub, çünki bizdən əvvəl onları burada ifa edən olmayıb. Mən onları müxtəlif yapon musiqiçiləri ilə dəfələrlə ifa etmişəm və hər dəfə də gözəl rəylər almışam. İnsanlar soruşmağa başladılar: bu nə musiqidir, notları harada əldə edə, yazıları necə dinləyə bilərəm? Qarayevin əsərlərini birgə ifa etdiyim yapon həmkarlarım, musiqi yoldaşlarım bu musiqini böyük məmnuniyyətlə çalır və bu haqda danışırlar. Dahi bəstəkarın yaradıcılığı dillərdə gəzir və getdikcə daha çox maraq doğurur ki, bu da çox vacibdir.

Fevralın 9-da “Yamaha Music Hallda Qara Qarayevin fortepiano musiqisinə həsr olunmuş konsert keçiriləcək. Bundan sonra biz Yaponiyanın müxtəlif regionlarında bir sıra tədbirlər keçirməyi planlaşdırırıq, çoxlu planlarımız var.

Chosen
8
azertag.az

1Sources