AzNews.az analitik-informasiya portalı "DƏVƏT ÜZRƏ" rubrikasını təqdim edir. Həftədə bir dəfə- çərşənbə günü, günün ikinci yarısında yayımlanacaq bu rubrikada redaksiyamızın dəvəti ilə Azərbaycanın rəsmi şəxsləri, tanınmış qələm sahibləri, ictimai-siyasi xadimləri, həmçinin xaricdə fəaliyyət göstərən məşhur simalar müəllif yazıları ilə çıxış edəcəklər. Rubrikanın ilk yazısını təqdim edirik:
***************************************************************
Beynəlxalq QHT-lər, fondlar, dövlət və ya qeyri-dövlət agentlikləri haqqında təsəvvürlərimiz SSRİ-nin süqutundan sonra başlayıb. Buna qədər birpartiyalı sistemdə formalaşan düşüncəmizin nə alt, nə də üst qatlarında bizə vətəndaş cəmiyyəti instututları kimi təqdim olunan bu qurumların gerçək mahiyyətini və fəaliyyət istiqamətlərini çözə biləcək heç bir iz yox idi...
İlk baxışda gəlişigözəl adlar və şüarlar altında fəaliyyət göstərən təşkilatlar bizə “xilasedici”, yaxud “qoruyucu” mələk kimi görünür və ya təqdim olunurdular.
Onlar bizə, vətəndaş cəmiyyəti, hüquqi dövlət quruculuğunun, çoxpartiyalı sistemdə yaşamağın və daha yaxşı yaşamağın sirlərini öyrədir və bu işə yüz milyonlarla dollar vəsait xərcləyirdilər...
Mərkəzi ofisləri əsasən Qərb ölkələrində yerləşən bu təşkilatlar dövlətə ödədiyi verginin hər qəpiyinin hesabını soran vətəndaşlarının pullarını “biz yaxşı yaşayaq” deyə havaya sovururdular...
Niyə?
Kapitalizmin tərbiyə etdiyi, qazanc gətirməyən, maddi qarşılığı olmayan hər hansı bir işə 1 sent belə xərcləməyən amerikalı, yaxud fransız hansı səbəblərdən bizim daha yaxşı yaşamağımız üçün dövlətin, transmilli korparasiyaların ayırdığı vəsitləri havaya sovurmalıydı ki?
Bizi bizdən çoxmu sevirdilər?
Bu sual həmin dövrdə bəlkə də çoxlarını düşündürmürdü... Çünki bizə prosesin yalnız romantik tərəfini göstərirdilər.
Məsələn, prosesdə aşağı qatda yer alan bir çoxlarını düşündürmürdü ki, nə üçün Milli Demokratiua Fondu (NED), USAİD və digərləri bəzi QHT-lərin, siyasi partiyaların təşkilatlanmasına, şəbəkələşməsinə pul xərcləyir? Bu təşkilatların üzvlərini Avropaya, Amerikaya apararaq onlara təlimlər, seminarlar keçir, siyasi fəaliyyətin, seçki təbliğatının, danışmağın, hətta susmağın belə incəliklərini öyrədir?
Nə üçün?
Şübhəsiz ki, zaman keçdikcə biz bu suallara cavab tapmağı bacardıq. Cavab tapdıqca “qoruyucu mələk”lərin əslində mənsub olduqları geosiyasi qütbün maraqlarını qoruduqları, yuxarıdan aşağıya doğru formalaşdırılan piramidaşəkilli şəbəkənin əslində “yumşaq güc” strategiyasının həyata keçirilməsinə xidmət edən cəsus, yaxud nüfuz müvəkkilləri şəbəkəsindən başqa bir şey olmadığı bir daha aydın oldu.
Bu gün mahiyyətini açdığımız, anladığımız və anlatdığımız şəbəkənin bizə qarşı təzyiqlərinin, böhtan və qarayaxma kampaniyalarının əsasında da real mənəzərəni olduğu kimi görməyimiz, dərk etməyimiz dayanır.