EN

Qiymətləndiricilər Palatası Ankarada beynəlxalq konfransa qatılıb

Azərbaycan Qiymətləndiricilər Palatasının rəhbər heyəti Ankarada beynəlxalq konfransda iştirak edir.

Bu barədə AzPost-a AQP -nin ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Palatanın sədri Nüsrət İbrahimov, müavinlər Günay İsmayılqızı, Ayan Qəmbərova və Azərbaycan Qiymətləndiricilər Palatasının üzvü Şükür Hüseynov Türkiyənin paytaxtı Ankarada keçirilən “4. Uluslararası Gayrimenkul Geliştirme ve Yönetimi Konferansı”na rəsmi dəvət alaraq tədbirdə iştirak ediblər.

Nüfuzlu beynəlxalq tədbir çərçivəsində Palata nümayəndələri Türkiyə Maliyyə və Xəzinə nazirinin müavini Dr. İsmail İlhan Hatipoğlu, Türkiyə Dəyərləndirmə Uzmanları Birliyinin (TDUB) sədri Yaşar Bahçeci və TDUB-un başqan vəkili Prof. Dr. Harun Tanrıvermiş ilə görüşlər keçiriblər. Görüşlər zamanı beynəlxalq qiymətləndirmə sahəsində əməkdaşlığın genişləndirilməsi, o cümlədən 2025-ci ilin Beynəlxalq Qiymətləndirmə Standartlarının tətbiqi istiqamətləri geniş müzakirə olunub.
Müzakirələr zamanı qiymətləndirmə sahəsində vahid beynəlxalq standartların tətbiqinin əhəmiyyəti vurğulanıb, regional və qlobal bazarda rəqabət qabiliyyətinin artırılması yolları müzakirə edilib. Həmçinin, Qiymətləndiricilərin biliklərinin artırılması məqsədi ilə Ankara universiteti “Daşınmaz Əmlakın İnkişafı və İdarə Edilməsi” fakültəsi Azərbaycan Qiymətləndiricilər Palatası ilə birgə təlim proqramlarının təşkili və bu sahədə innovativ yanaşmaların tətbiqi barədə fikir mübadiləsi aparılıb.
Görüşlərin nəticəsi olaraq, tərəflər qiymətləndirmə sahəsində gələcək əməkdaşlıq üçün konkret addımların atılması barədə razılığa gəliblər. Bu, Azərbaycanın qiymətləndirmə sektorunun beynəlxalq standartlara uyğun inkişafına və qiymətləndirmə sahəsinin qlobal bazarda mövqeyinin möhkəmlənməsinə mühüm töhfə verəcək.
Azərbaycan Qiymətləndiricilər Palatası beynəlxalq əməkdaşlığı genişləndirməyə və ölkədə qiymətləndirmə fəaliyyətinin beynəlxalq standartlara uyğun inkişafını təşviq etməyə davam edir.

Tədbirin sonunda “4. Uluslararası Gayrimenkul Geliştirme ve Yönetimi Konferansı”nın təşkilatçıları tərəfindən Azərbaycan Qiymətləndiricilər Palatasının sədri Nüsrət İbrahimov, müavinlər Günay İsmayılqızı və Ayan Qəmbərova Beynəlxalq sertifikatlarla təltif olundular.

 

Chosen
1
3
azpost.info

3Sources