![](https://cdn.yeniavaz.com/uploadedfiles/custom/2025/1/31/1/7a85442b-a593-4c65-a0eb-c451a2bcc1f9/pasinyan-yeni987a.jpg)
“Türkiyə və Azərbaycanla münasibətlərimizdə yeni dövr açmaq istəyirik”.
Yeniavaz.com xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan “Atlantic Council” analitik mərkəzindəki çıxışında bildirib.
O, çıxışında Ermənistanın balanslaşdırılmış və tarazlaşdırılmış xarici siyasət yürütdüyünü qeyd edib.
“Bilirsiniz ki, ölkəmizin dörd sərhədindən ikisi tamamilə bağlıdır, mən Türkiyə və Azərbaycanla sərhədlərimizdən danışıram. Bizim daha iki sərhədimiz var - Gürcüstan və İranla. Təbii ki, bu iki sərhəd bizim üçün çox əhəmiyyətlidir, iki qonşumuz Gürcüstan və İranla yaxşı münasibətlərimiz var. Amma biz Türkiyə və Azərbaycanla da münasibətlərimizdə yeni dövr açmaq istəyirik”, - Paşinyan bildirib.
O, Ermənistanın Azərbaycanla sülh prosesində çox böyük irəliləyiş əldə etdiyini də qeyd edib.
“Biz hazırda Azərbaycanla sülh müqaviləsi layihəsini müzakirə edirik və bu müqavilənin 17 bəndindən 15-i üzrə tam razılığa gəlmişik. Hələlik yekun razılığa gəlmədiyimiz iki bənd var. Ümid edirik ki, bu prosesi mümkün qədər tez başa çatdıracağıq”, - Ermənistan baş naziri bildirib.
O, Ermənistanın Türkiyə ilə də kifayət qədər fəal dialoqu olduğunu bildirib. Paşinyan iki ölkə arasında sərhədlərin birinci mərhələdə üçüncü ölkə vətəndaşları və diplomatik pasportu olan şəxslər üçün açılması ilə bağlı razılaşma olduğunu qeyd edib.