EN

ABŞ QƏZZANI DA İŞĞAL EDƏCƏK? - Trampdan dünyanı şoka salan bəyanatlar

ABŞ Prezidenti Donald Tramp İsrailin Baş naziri Benyamin Netanyahu ilə birgə mətbuat konfransı zamanı deyib ki, ABŞ “Qəzza zolağını tutmaq” və orada iqtisadi inkişaf imkanları yaratmaq niyyətindədir.

“AzPolitika” xarici KİV-ə istinadla xəbər verir ki, mətbuat konfransında danışan Tramp deyib ki, ABŞ Qəzzanı “ələ keçirəcək, binaları yerlə bir edəcək, partlamamış hərbi sursatları təmizləyəcək, məhdudiyyətsiz iş yerləri” yaradacaq və bölgənin əhalisi üçün yaşayış binaları tikəcək”.

Lakin Tramp “bölgənin əhalisi” deyərkən kimi nəzərdə tutduğunu dəqiqləşdirməyib: “Biz onu inkişaf etdirəcəyik və minlərlə iş yeri açacağıq. Bu, bütün Yaxın Şərqin fəxr edə biləcəyi bir şey olacaq".

Orada kimin yaşayacağı ilə bağlı suala Tramp belə cavab verib ki, Qəzza zolağı “sülh insanları üçün evə” çevrilə bilər.

Onun bu açıqlaması Qəzza zolağının bütün fələstinli əhalisinin başqa yerə - İordaniya, Misir və digər ölkələrə köçürülməsi təklifindən sonra olub. Tramp həmçinin iddia edib ki, fələstinlilərin Qəzzaya qayıtmaq istəməsinin yeganə səbəbi başqa alternativin olmamasıdır. O, Qəzza zolağının “söküləcək ərazi” olduğunu deyib.

“Bu, Qəzzaya ABŞ əsgərlərinin göndərilməsi deməkdirmi” sualına Tramp, “lazım olanı edəcəyik”, - deyə cavab verib: “Mən İsraili sevirəm. Mən ora gedəcəm, Qəzzaya gedəcəm, Səudiyyə Ərəbistanına və Yaxın Şərqin digər yerlərinə gedəcəm".

Tramp Misir və İordaniyanın fələstinliləri qəbul etməyə razılaşacağına əminliyini ifadə edib: “Onlar deyirlər ki, onları qəbul etməyəcəklər, mən isə deyirəm ki, qəbul edəcəklər. Düşünürəm ki, digər ölkələr də bununla razılaşacaqlar”.

O, hətta Qəzzaya qayıtmaq istəyən fələstinliləri ölüm gözlədiyini əlavə edib: “Düşünürəm ki, insanlar Qəzzaya qayıtmamalıdırlar, orada xoşbəxt deyildilər. Onlar cəhənnəmdə yaşayırdılar... Qəzzaya qayıtmamaq, təhlükəsiz olacaqları gözəl alternativ yerdə yaşamaq onlar üçün daha yaxşı olardı”.

Tramp Misir, İordaniya və digər ölkələrdə anklav sakinlərini məskunlaşdırmaq üçün “beş-altı zona” yaradıla biləcəyini vurğulayıb. Onun fikrincə, fələstinlilərin Qəzza zolağına qayıtması "onların ölümünə gətirib çıxaracaq”. Trampın bununla nə demək istədiyi tam aydın deyil.

"Söhbət etdiyim hər kəs ABŞ-nin bu torpaq sahəsinə sahib olması, onu inkişaf etdirməsi və minlərlə iş yerinin yaradılması ideyasını bəyənir", - Tramp əlavə edib.

Ziddiyyətli danışan Tramp anklavın "inanılmaz potensiala" malik olduğunu və "bütün dünyadan insanların orada yaşaya biləcəyini” deyərək, “fələstinlilər də orada yaşayacaq" fikrini əlavə edib.

1Sources