EN

Qiyməti dəyişməyən çörəklərin çəkisi AZALDILACAQ?

Məlum olduğu kimi, çörək istehsal edən bir sıra şirkətlər yeni çeşiddə məhsul istehsalına başlayıb. Belə ki, marketlərdə 55 qəpiyə satılan 510 qramlıq zavod çörəyi ilə yanaşı, fevral ayının 1-dən etibarən yeni çəkidə, yeni qiymətə - 65 qəpiyə 620 qramlıq zavod çörəyi ikinci çeşid kimi tədarük olunur.

Təbii ki, bu addım əhali arasında və sosial şəbəkələrdə qiymət artımı barədə söz-söhbətlər yol açıb. İddia olunur ki, artıq bəzi marketlərdə 50 və 55 qəpiklik zavod çörəkləri yığışdırılıb. Ancaq 65 qəpiyə yeni çörək təklif edilir.

Digər narahatlıq ondan ibarətdir ki, yaxın günlərdə 50-55 qəpiklik çörəklər tamamilə dövriyyədən çıxarıla, daha sonra isə 65 qəpiklik çörəklərin çəkisi azaldıla bilər.

Beləcə, süni qiymət artımının yaşanması ilə bağlı ehtimallar səsləndirilir.

Məsələ ilə bağlı fikirlərini Bizim.Media ilə bölüşən Azad İstehlakçılar İctimai Birliyinin sədri Eyyub Hüseynov Azərbaycanda çörəyin qiyməti liberallaşdırılıb:

“Yəni çörəyin qiyməti dövlət tərəfindən tənzimlənmir. Ancaq strateji məhsul olan çörəyin ucuz olması üçün dövlət bütün zəruri tədbirləri görüb. Ölkəmizə gətirilən ərzaqlıq buğda və un ƏDV-dən azad olunub. Bununla da dövlət sahibkarlara şərait yaradıb ki, unun və çörəyin qiyməti ucuz olsun.

O ki, qaldı bəzi çörək zavodlarının bazara yeni çörək çeşidinin çıxartmalarına, burada narahatlığa əsas görmürəm. Yeni çörək çeşidləri təqdim edilir. Əvvəlki çəkidə də çörəklər olacaq. Əgər gələcəkdə kiçik həcmli və 50-55 qəpiklik çörəklər kütləvi şəkildə dövriyyədən çıxarılsa, o zaman müvafiq dövlət qurumları buna müdaxilə edə bilər. Ona görə də bir qədər gözləmək lazımdır”.

Surxay Atakişiyev, Bizim.Media

Chosen
4
bizim.media

1Sources