EN

Rəzalət - USAİD “Transgender operası”nı səhnələşdirib...Beləsinə Şərq ölkəsində necə yer ola bilər?

Image

Bəhruz Quliyev: “Onlar əksər hallarda Qərbin siyasi və ideoloji təsirini yaymaq üçün vasitə kimi qəbul ediliblər”

Ağ Evin mətbuat katibi Kerolayn Livitt (Karoline Leavitt) jurnalistlərə USAID-in fəaliyyətində nəyin Tramp Administrasiyasını qane etmədiyini açıqlayıb. 

O, USAID-in vəsait ayırdığı proqramları sadalayıb: Serbiyada irqi müxtəliflik və bərabərlik proqramı - 1,5 mlrd. dollar; Kolumbiyada "transgender operasının" səhnələşdirilməsi - 47 min dollar; Peruda transgenderlər haqqında komikslərin buraxılması - 32 min dollar. O bunu vəsaitin səmərəsiz xərclənməsinin nümunəsi adlandırıb. 

Sonradan Ağ Evin mətbuat xidməti bəyanat yayaraq, USAID-i "Əfqanıstanda tiryək xaşxaşının yetişdirilməsinin və heroin istehsalının dəstəklənməsinə "yüz milyonlarla dollar", həmçinin "Suriyada terrorçu "Əl-Qaidə" qruplaşması ilə əlaqəsi olan döyüşçülər" üçün ərzaq alınmasına "yüz minlərlə dollar" xərcləməkdə ittiham edib. 

Göründüyü kimi, bütün bu faktlar USAID-in əsl simasını ortaya çıxarır. Belə olan halda o cür qaranlıq işlərlə məşğul olan təşkilata Şərq ölkəsində necə yer ola bilər?

“USAID kimi təşkilatların bu bölgələrdə rolu yalnız "Narıncı inqilabların" müəllifi kimi, dağıdıcı bir qüvvə kimi tarixə yazılıb”

Sözügedən məsələ ilə bağlı fikirlərini “Bakı-Xəbər”lə bölüşən “SƏS” Media Qrupunun rəhbəri, politoloq Bəhruz Quliyev bununla bağlı bir sıra məqamlara toxundu: “ABŞ-ın yeni prezidentinin vəzifə səlahiyyətlərinin icrasına başlayan kimi USAID-in fəaliyyətinin qaneedici olmadığını açıq ifadə etməsi təsadüfi deyildi. Həmin təşkilatın fəaliyyətini məhdudlaşdırma ilə bağlı qərar verməsi gözlənilən idi. Trampın əvvəlki prezidentliyi dövründə də bu təşkilata münasibət eyni idi. Görünür ki, ABŞ illərlə xarici ölkələrə münasibətdə yanlışlığa yol verib və artıq özləri də bunu aydın görürlər. Bu iddialar, eyni zamanda, iqtisadi, siyasi mübahisələrin bir hissəsidir. USAID kimi beynəlxalq təşkilatların fəaliyyətinə dair müxtəlif tənqidlər mövcuddur. Hesab edirəm ki, Tramp bu təşkilatda kütləvi korrupsiyanın da olduğu barədə məlumatlıdır. ABŞ hökumətinin bəzi üzvləri və tənqidçiləri də hesab edirlər ki, USAID-in maliyyələşdirdiyi layihələrin bəziləri amerikalı vergi ödəyicilərinin pullarının səmərəsiz xərclənməsi və ya hətta strateji baxımdan ziddiyyətli addımlar atması ilə nəticələnib. Ağ Evin mətbuat katibi Kerolayn Livittin də təqdim etdiyi faktlara baxsaq, bir tərəfdən, USAID dünyada müxtəlif sosial və humanitar proqramlara dəstək verir, o cümlədən gender bərabərliyi, insan haqları və mədəniyyət layihələrini maliyyələşdirir. Digər tərəfdən, Şərq ölkələrində, xüsusilə  Əfqanıstan və Suriya kimi münaqişəli bölgələrdə təşkilatın fəaliyyəti və acı nəticələri də göz qabağındadır. USAID-in bu cür ziddiyyətli fəaliyyəti ABŞ daxilində də haqlı siyasi diskussiyaya səbəb olub.  Bir tərəfdən Respublikaçılar administrasiyası (xüsusilə Tramp dövründə) USAID-in fəaliyyətini sərt tənqid edir və vəsaitlərin daha çox daxili problemlərin həllinə yönəldilməsini tələb edir. Digər tərəfdən, Demokratlar USAID-in "yumşaq güc" (soft power) adı altında fəaliyyəti sayəsində ABŞ-ın qlobal nüfuzunu artırdığını iddia edirlər. Şərq ölkələrində isə bu cür təşkilatların fəaliyyəti həmişə şübhə ilə qarşılanıb və tənqid olunur. Çünki onlar əksər hallarda Qərbin siyasi və ideoloji təsirini yaymaq üçün vasitə kimi qəbul ediliblər. USAID kimi təşkilatların bu bölgələrdə rolu yalnız "Narıncı inqilabların" müəllifi kimi, dağıdıcı bir qüvvə kimi tarixə yazılıb. Bu təşkilat dərhal bölgədən çıxarılmalı və bu cür təşkilatların fəaliyyətinə son qoyulmalıdır”.

Vidadi ORDAHALLI





Chosen
29
baki-xeber.com

1Sources