Donald Tramp administrasiyasında Ukraynada sülhə nail olmaq və tərəflərə təzyiq etmək yolları ilə bağlı fikir ayrılığı yaranıb.
“AzPolitika” xəbər verir ki, bu barədə NBC telekanalı ABŞ və Ukrayna rəsmilərinə, eləcə də Ukrayna hökumətinə yaxın mənbəyə istinadla məlumat yayıb. Belə ki, milli təhlükəsizlik müşaviri Mayk Vels və Ukrayna üzrə xüsusi elçi Keyt Kelloq Moskvanın irəliləyişini dayandırması üçün ona təzyiq göstərməyin tərəfdarıdırlar. Lakin bunun əleyhinə olan tərəf də var.
Kanal qeyd edir ki, həmin qarşı tərəf Bayden administrasiyası dövründə ABŞ-nin Ukraynaya etdiyi milyardlarla dollarlıq yardımın kəsilməsinin tərəfdarıdır. Lakin NBC bu mövqeni kimin müdafiə etdiyini açıqlamır.
Həmin qrupun nümayəndələrinin fikrincə, münaqişəni mümkün qədər tez bitirmək üçün belə tədbirlər zəruridir. Lakin kanal bildirir ki, bu, faktiki olaraq Ukraynanın tərksilah edilməsi anlamına gəlir.
NBC-yə danışan Keyt Kelloq isə "prezidentin milli təhlükəsizlik komandasının sinxron işlədiyini" söyləyib. Onun dediyinə görə, Tramp "zərurət olarsa, son üç ildəki qırğına son qoymaq üçün Amerikanın bütün gücündən istifadə edəcək".
Xatırladılır ki, Tramp Ukraynadakı müharibəni ən qısa zamanda bitirəcəyinə söz vermişdi. İnauqurasiyadan əvvəl məsləhətçiləri ona müxtəlif variantlar təklif ediblər. Onlardan birinin müəllifi Kelloq olub. Həmin varianta görə, Kiyev yalnız sülh danışıqları başlayacağı təqdirdə daha çox silah alacaq. Yəni, Ukrayna silah istəyirsə, sülhə razılaşmalı, danışıqlara getməlidir. Eyni zamanda, Vaşinqton Moskvaya xəbərdarlıq etməlidir ki, danışıqlardan hər hansı bəhanə ilə imtina ediləcəyi təqdirdə Kiyevə dəstəyini artıracaq.
Onu da qeyd edək ki, Tramp vəzifəyə gəldikdən sonra razılığa gəlmədiyi təqdirdə Rusiyanı ABŞ-yə və bir sıra digər ölkələrə satdığı hər şeyə yüksək tariflər və sanksiyalar tətbiq etməklə hədələyib.
“AzPolitika.info”