Akif Nağı: “Pauerlə Vardanyan arasında Azərbaycana qarşı çirkli iş birliyinin ifşa olunması onu göstərir ki...”
USAİD-nin rəhbəri Samanta Pouerin qanunsuz əməlləri ifşa edilir. İllər boyu müxtəlif adlar altında dağıdıcı, zərərverici fəaliyyət göstərən USAİD Azərbaycanın əraziləri işğalda olduğu dövrlərdə separatçılara da dəstək göstərib.
Pauerlə Ruben Vardanyan arasında əməkdaşlığın mövcud olduğu məlumdur. Onu da deyək ki, hətta S.Pauer və USAİD faktiki olaraq Azərbaycanın ərazi bütövlüyünə qarşı fəaliyyəti göstəriblər. İşğal dövründə Qarabağda minatəmizləmə fəaliyyətinə maliyyə dəstəyi göstərib, separatçılara pul ayırıb.
Bu gün Tramp USAİD-lə bağlı araşdırma başladıb və bu qurumun bütün əməlləri, o cümlədən də Vardanyanla əlaqələri ifşa olunur.
“Pauer də maliyyə fırıldaqları, çirkli pulların yuyulması ilə məşğul olub ki, Vardanyanla tapışıblar”
Azad Vətən Partiyasının sədri Akif Nağı “Bakı-Xəbər”ə şərhində “Samanta Pauer və onun rəhbərlik etdiyi USAİD-lə bağlı araşdırmalar aparılır. Həmin təşkilat, xüsusən də Samanta Pauer Azərbaycana qarşı qərəzli mövqe tutub. O, Bayden administrasiyası dövründə həddindən artıq fəal idi. Faktiki olaraq Baydenin rəsmi siyasətini ictimai sahədə, QHT kimi həyata keçirirdi. Əslində isə Bayden administrasiyasının sifarişlərini yerinə yetirirdi. Onların fəal kadrlarınfan biri olub, hətta bir müddət Demokratlar partiyasının üzvü də olub. Demokratların hakimiyyəti dövründə bir müddət ABŞ-ın BMT-dəki nümayəndəsi də olub. Bu vacib vəzifə ona etibar edilmişdi.
İndi araşdırmalar gedir. Azərbaycan tərəfi rəsmi və qeyri-rəsmi səviyyədə onun fəaliyyəti, açıq-aşkar qərəzli siyasət yürütməsi ilə bağlı faktları ortaya qoyur. Təbii ki, bizi maraqlandıran onun Azərbaycana qarşı münasibətidir. Biz bunun kökünü axtarmağa çalışırdıq ki, onun bu qərəzli münasibəti hardan qaynaqlanır. Bu bir tərəfdən Co Baydenin antiazərbaycan siyasətinin nümunəsi idi, o siyasəti göstərirdi. Ona rəsmi qaydada verilən tapşırıqları yerinə yetirirdi. Digər tərəfdən, ermənilərlə bağlı öz təşəbbüsləri, onlara “simpatiyası” vardı, Ermənistanın və etmənilərin ədalətsiz mövqeyini müdafiə edirdi. Samanta Pauer Ermənistana və ermənilərə külli miqdarda pul gətirdi, separatizmə açıq şəkildə dəstək verirdi, Azərbaycanın mövqeyini qərəzli şəkildə təndiq edirdi. Xüsusən də İkinci Qarabağ müharibəsindən sonra Azərbaycana qarşı düşmən mövqeyi tuturdu, olmazın ittihamlar səsləndirirdi. Bu siyasətin içində Samanta Pauerin kriminal ünsürlərlə də münasibətləri olmamış deyildi. Bununla bağlı da müəyyən fikirlərimiz, şübhələrimiz vardı.
Hazırda Azərbaycan məhkəməsi tərəfindən müxtəlif maddələr üzrə ittiham edilən Ruben Vardanyanla da Pauerin əlaqələrinin olduğu məlumdur. Vardanyan da bir az Rusiya, bir az da Avropa mühitində cinayətkar hərəkətləri ilə seçilirdi. O, çox şübhəli maliyyə fırıldaqları, çirkli pulların yuyulması ilə məşğul idi. Yəni bu cür adamlar bir-birini tapırlar. Görünür ki, Pauer də maliyyə fırıldaqları, çirkli pulların yuyulması ilə məşğul olub ki, Vardanyanla tapışıblar. Eyni zamanda yəqin ki, Pauerin digər belələri ilə də əlaqələri olub. Bu baxımdan hesab edirəm ki, istintaq tədbirləri nəticəsində onun başqaları ilə də əlbir olduğu ortaya çıxacaq. Bilirsiz ki, Tramp hakimiyyətə gələn kimi ilk hədəflərindən biri USAİD-in buraxılması, yaxud yenidən qurulması ilə bağlı oldu. Bu qurumun cinayətkar fəaliyyəti ilə əlaqədar fikirlər səsləndirildi. ABŞ-ın dövlət katibi səviyyəsində bu qurumun fəaliyyəti cinayətkar bir qurum kimi qiymətləndirildi. Əllərində faktlar olmasaydı bunu deməzdilər”.
A.Nağı hesab edir ki, Pauerin Azərbaycan əleyhinə fəaliyyəti də araşdırılmalıdır. O qeyd etdi ki, proses irəlilədikcə yeni faktlar da ortaya qoyulacaq. “Araşdırma nəticəsində Vardanyanla Pauerin əlaqələri ilə bağlı məsələlər ortaya çıxır. Onun Ermənistana “məhəbbətinin” bir tərəfi də, ola bislin, Vardanyanla olan əlaqəsi ilə bağlıdır. Bakıda keçirilən məhkəmədə də, yəqin, Vardanyanla Samanta Pauer arasındakı işbirliyi, əlaqələrlə bağlı faktlar ortaya çıxır. Bunu Vardanyan etiraf etmək məcburiyyətində qalır, çünki çox ciddi tədqiqat işləri aparılıb. USAİD rəhbəri Vardanyanla və başqa onun kimiləri ilə birləşib Azərbaycan dövlətinin əleyhinə işlər görüblər. İlahi ədalət deyilən bir məfhum var, bu artıq öz yerini tutur. Pauer özünü “demokrat” kimi göstərirdi ki, guya “haqqın, ədalətin” tərəfindədir. Əslində isə hamı bilirdi ki, burda maraq, qərəz məsələsi var. Azərbaycana qarşı haqsız mövqedən çıxış edən hər kəs öz cəzasını alır. Nə qədər gizlətməyə cəhd etsələr də, onların cinayətkar əlaqələri üzə çıxır, fəaliyyətləri ifşa olunur. Pauerlə Vardanyan arasında Azərbaycana qarşı çirkli iş birliyinin ifşa olunması onu göstərir ki, artıq haqq-ədalət öz yerini tapır. Bu adam hər zaman antiazərbaycan mövqeyindən çıxış edirdi və dövlətimizə qarşı qərəzli kampaniya aparırdı.
Hesab edirəm ki, Vardanyanın məhkəməsinə Samanta Pauer də şahid qismində cəlb olunmalı, günahları sübut olunarsa lap müttəhim kürsüsündə oturmalı, onun barəsində cinayət işi qaldırılmalıdır. Yəni Vardanyanla və başqaları ilə birgə Azərbayacana qarşı cinayət əməllərində iştirak etməsi sübuta yetirilsə o da məsuliyyətə cəlb olunmalıdır”.
A.Nağının fikrincə, S.Pauerin bütün çirkin addımları ifşa olunur və onun gələcəkdə USAİD-ə rəhbərlik etməsi məsələsi belə sual altındadır.
İradə SARIYEVA