EN

“Bu, vətəndaşlarımızın xərcini artıracaq” — Ekspert

Rusiya miqrantlarla bağlı növbəti məhdudiyyətlərin tətbiqinə hazırlaşır. Belə ki, Dövlət Dumasının sədri Vyaçeslav Volodin bildirib ki, miqrasiya siyasətinin təkmilləşdirilməsi ilə bağlı fevralın 5-dən yeni qanun qüvvəyə minəcək. Dövlət Dumasının sədri qeyd edib ki, fevralın 5-dən daha üç qanun qüvvəyə minəcək. Söhbət çətin həyat şəraitində olan uşaqlara hamilik, kreativ sənayenin inkişafı, həmçinin müsadirə edilmiş əmlakın Rusiya subyektlərinin mülkiyyətinə verilməsindən gedir.

V.Volodin həmçinin bildirib ki, Rusiyada analıq kapitalı 9,5 % indeksləşdiriləcək.

Miqrantlarla bağlı tədbirlər soydaşlarımıza necə təsir edəcək?

Mövzu ilə bağlı Demokrat.az-a danışan iqtisadçı Xalid Kərimli bildirib ki, bu mövzu öz aktuallığını hər zaman qoruyur:

“Azərbaycandan xaricdə işləyənlərin coğrafiyasına baxanda birinci ölkə Rusiyadadır. Burada azərbaycanlılara bu son dönəmdə iki mənfi xəbər gəlib. Bu, xüsusən, miqrasiya ilə bağlıdır. Mənfi xəbərlərdən biri  ondan ibarətdir ki, ölkəyə giriş etdikdən sonra orada qalmaq müddəti 6 ay idi. Sonra bunu 90 günə endirdilər. Azərbaycan da yanvarın əvvəlindən güzgü effekti ilə həmin qərarı Rusiya vətəndaşlarına tətbiq etdi ki, 90 gündən çox ölkədə qalmaq olmaz. Yəni, Rusiyanın bu cür miqrasiyayla bağlı məhdudiyyətləri özünə ziyanı olacaq.  Rusiya məsələlərin həll yolunu bu cür görüb”.

Ekspert qeyd edib ki, bu, vətəndaşlarımızın xərcini artıracaq:

“Həm də nəzərə alsaq ki, quru sərhədlər də bağlıdır. Məcburdurlar ki, 3 aydan bir ölkəyə giriş çıxış etsinlər. Bu da əlavə xərc deməkdir. İndi kiməsə bu sərf etmirsə, məcbur geri qayıtmaq məcburiyyətində qalacaq. Bu, Azərbaycan miqrantlarının xərclərini artıran prosesdir. Son hadisəsindən sonra uçuşlar da ləğv  oldu.  Çeçenistan, Dağıstan və Rusiyanın bəzi şəhərlərinə təhlükəsizliklə bağlı məsələlərə görə  uçuşlar ləğv edildi. Orada yaşayan vətəndaşlarımız üçün xüsusən çətinlik yaratdı.  Əvvəl 6 aydan bir gedib gəlib gedirdilərsə, indi bunu 3 aydan bir etməlidirlər. Ümumiyyətlə, bu qaydaları pozub fəaliyyət göstərərlərsə, onların da üzərində nəzarət artacaq. Onların deportasiyasına gətirib çıxara bilər. Yəni, bu Azərbaycan vətəndaşları üçün, azərbaycanlılar üçün yaxşı xəbər deyil. Ən azından xərcləri artmış olacaq. Deportasiya olunanlar da məcburi ölkəyə gəlmiş olacaqlar. Burada Rusiyaya gedənlər ona görə gediblər ki, burada pul qazana bilməyiblər. Rusiyaya  iş üçün gediblər. Bu baxımdan, o ailələr üçün çətinliklər yaradacaq”.

Leyla Turan
Demokrat.az
Chosen
2
demokrat.az

1Sources