Qida təhlükəsizliyi Hərəkatının rəhbəri, sağlam qidalanma mütəxəssisi Məhsəti Hüseynova Demokrat.az-a açıqlamasında qeyd edib ki, çipsilər nə qədər də uşaqların xoşuna gəlsə, çoxlarının sevdiyi bir qida olsa da, sağlamlıq üçün çox problemləri var:
“Birinci növbədə onu demək istəyərdim ki, bu gün müəyyən markanın çipsiləri geri çağırılsa da, bu heç də geri çağırılmayan çipsilərin sağlam bir qida olduğu demək deyil. Xüsusilə çipsilərin tərkibində çoxlu duzun olması qan təzyiqinə səbəb ola bilər. Eləcə də tərkibində istifadə olunan kimyəvi maddələr və doymuş yağlar, kalori miqdarının çox olması piylənməyə, artıq çəki almağa gətirib çıxarır. Doymuş yağların çox olması və daha çox trans yağlardan istifadə olunması, qaraciyərin funksiyasını pozmaqla yanaşı, eləcə də ürək-damar xəstəliklərinin yaranma riskini artırır. Xüsusilə, 20-25 yaşa qədər olan orqanizm, inkişafda olan bir orqanizm olduğuna görə belə qidalardan qəbul etməsi sağlamlıq problemlərinə yol açacaq. Eyni zamanda geri çağrılan çipsi maddəsinin tərkibindəki süd alergiyası olanlar üçün daha riskli ola bilər. Çünki orada etiketsiz süd inqrediyentlərinin olması alergiyası olanlar üçün təhlükə yarada bilər. Əgər hər hansı bir alergik məhsullardan istifadə olunubsa bu da mütləq göstərilməlidir. Əks halda təbii ki, insanlar bilmədən aldıqları qida məhsulundan zəhərlənə və yaxud da həyatlarını itirə bilər”.
Leyla Turan
Demokrat.az