EN

İnam Kərimov Keniyada Koomeninlə görüşdü

Azərbaycan Respublikası Ali Məhkəməsinin və Məhkəmə-Hüquq Şurasının sədri İnam Kərimovun başçılıq etdiyi nümayəndə heyəti Keniya Respublikası Ali Məhkəməsinin sədri xanım Marta Koomenin dəvəti ilə fevralın 3-dən 5-dək bu ölkədə rəsmi səfərdə olub.
Ali Məhkəmədən BUTA.TV-a bildirilib ki, səfərin ilk günü Keniya Ali Məhkəməsində görüş keçirən nümayəndə heyəti ölkəmizdə məhkəmə sahəsində aparılan islahatlar barədə ətraflı məlumat verib. Azərbaycan məhkəmə sisteminin beynəlxalq standartlara uyğun təkmilləşdirilməsi, ədalət mühakiməsinə əlçatanlığın artırılması və vahid məhkəmə təcrübəsinin genişləndirilməsi istiqamətində görülən işlər diqqətə çatdırılıb. Qeyd edilib ki, hazırda məhkəmələrdə xidmətlərin elektronlaşdırılması sahəsində mütəmadi tədbirlər həyata keçirilir, eləcə də süni intellektin tətbiqi istiqamətində işlər gücləndirilir. Görüşdə həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsinin təşəbbüsü ilə “Elektron məhkəmə” informasiya sisteminin təkmilləşdirilməsi çərçivəsində görülən işlərlə bağlı geniş təqdimat keçirilib. Ölkəmizin məhkəmə təcrübəsi ətrafında fikir mübadiləsi aparılıb. Xanım Marta Koomenin isə öz növbəsində Keniya məhkəmə sisteminin fəaliyyəti, rəqəmsallaşma, proseslərin təşkilində informasiya texnologiyalarının tətbiqi sahəsində görülən işlər barədə məlumat verib. İki ölkənin məhkəmə sistemi arasında qarşılıqlı əməkdaşlığın və təcrübə mübadiləsinin əhəmiyyətini vurğulayıb. Səfər zamanı nümayəndə heyəti Keniyanın əsas məhkəmə institutlarına, o cümlədən Milimani Məhkəmələr Kompleksindəki Milli Transkripsiya Mərkəzi və İnzibati Məhkəmə Xidmətləri Mərkəzinə baş çəkib. Həmçinin Transsərhəd və Terrorla Mübarizə sahəsində ixtisaslaşmış Kahava Məhkəməsi ziyarət olunub, Keniya Vəkillər Kollegiyasının rəhbər şəxsləri ilə görüş keçirilib. Məhkəmə-hüquq sahəsində qarşılıqlı maraq doğuran məsələlər müzakirə olunub. Nümayəndə heyəti Azərbaycan Respublikasının Nayrobidəki səfirliyini də ziyarət edib.

Qeyd edək ki, görüşlərdə Azərbaycan Respublikasının Keniyadakı səfiri Sultan Hacıyev də iştirak edib.

Chosen
5
12
buta.tv

10Sources