EN

Paris silahların Ermənistandan geri alınması tələbinə hələ susur...

Image

Azərbaycan Prezidenti Ermənistana verilmiş silahların geri qaytarılması ilə bağlı ciddi tələb irəli sürüb. İlham Əliyev bu silahların müharibəyə hazırlıq məqsədi ilə alındığını və onların qaytarılmamasının regionda yenidən müharibə təhlükəsi yaratdığını vurğulayıb. Azərbaycan belə bir təhlükənin qarşısını almaq üçün qətiyyətli mövqe sərgiləyir və buna imkan verməyəcəyini bəyan edir.

Ermənistanı silahlandıran ölkələr Fransa, Hindistan və Yunanıstandır. Ancaq hələ bu ölkələrdən heç bir reaksiya yoxdur.

Bu məsələnin həlli üçün hansı mexanizmilər işə düşə bilər?

Tural İsmayılov: "...Azərbaycan tərəfi bunun Cənubi Qafqazda təhdidlər yaratdığını müxtəlif platformada ortaya qoyur"

“Bakı-Xəbər” qəzetinin sualını cavablandıran politoloq Tural İsmayılov bildirdi ki, əlbəttə, Ermənistanın Azərbaycanla sülhdən danışdığı bir vaxtda kütləvi silahlanma yarışına cəlb edilməsi Cənubi Qafqazda əlavə təhdidlər və çox ciddi problemlər yaradır: "Bu baxımdan Azərbaycan sözügedən tendensiyanın qarşısını almaq üçün atdığı priventiv addımlar həm də ona xidmət edir ki, Bakı bunun Cənubi Qafqazda təhdidlər yaratdığını müxtəlif platformada ortaya qoyur. Biz bu məsələni gündəmdə saxlamaqda davam edəcəyik. Amma beynəlxalq münasibətlərdə və beynəlxalq hüquq sistemindəki nizamsızlıq və ədalətsizlik bu gün müxtəlif formalarda davam edir. Güc mərkəzləri Ermənistanın sürətlə silahlanmasına göz yumurlar. Azərbaycan Ermənistanın kütləvi silahlandırılması nəticəsində yaranan problemlərlə bağlı etirazlarını bütün mümkün platformalarda bundan sonra da ifadə edəcək. Sabah Ermənistanın Azərbaycana qarşi təxribat və provokasiyaları olacaqsa, bunun qarşısi layiqincə alınacaq. Amma bu eskalasiya yaranacaqsa, bunun günahkarı yalnız Ermənistan deyil, həm də onun arxasında dayanan güc faktorları olacaq. Ermənistan və havadarları anlamalıdır ki, bu yolla Azərbaycana təzyiq göstərmək, ona qarşı hər hansı bir uğurlu əməliyyat keçirmək mümkün deyil".

Arzuxan Əlizadə: "Proses davam edərsə, Ermənistanın gələcəkdə bu arealda movcudluğu ciddi sual altına düşəcək"

Bizimlə söhbətində AMİP sədri, millət vəkili Arzuxan Əlizadə bildirdi ki, əvvəllər Ermənistana müdafiə silahları verilirdisə, hazırda İrəvana hücum və öldürücü silahlar verilir: "Şübhəsiz ki, silah varsa ondan nə vaxtsa istifadə ediləcək və bu, Azərbaycana qarşı yönələcək. Ermənistanı bu gün silahlandıran qüvvələr onu revanşist addımlar atmağa təhrik edir. Fransa və Hindistan bu silahları güya kredit şəklində verir, amma biz bilirik ki, bu "kredit" gələcəkdə silinəcək. Bununla bağlı Azərbaycanın mövqeyi qətidir və dövlət başçısı bununla bağlı fikirlərini qarşı tərəfə və Ermənistanın arxasında duran güclərə çatdırıb. Prezident yanvarın 7-də yerli KİV-ə müsahibəsində birmənalı olaraq bildirdi ki, Ermənistana verilən silahlar geri qaytarılmalıdır, Ermənistan silahsızlaşdırılmalıdır. Ermənistanın silahlandırılaraq revanşist addımlar atmağa təhrik edilməsi bütövlükdə bölgədə sülhün və sabitliyin bərqərar olmasına cox ciddi təhdid yaradır. Bu iki ölkə arasında münasibətlərin normallaşmasına xidmət etmir. Ermənistan və ona havadarlıq edən qüvvələr Azərbaycan dövlətinin mövqeyini nəzərə almalıdırlar. Prezidentin dediyi kimi, əks təqdirdə biz Ermənistanın silahlanmasına seyrçi mövqedə qalmayacağıq.

O da məlumdur ki, 30 il ərzində Azərbaycan istər Ermənistana, istərsə də vasitəçilik edən missiyalara mövqeyini ifadə edərək, problemin dinc danışıqlar yolu ilə həll edilməsinin tərəfdarı olduğunu bildirmiş və bu istiqamətdə əməli addımlar atmışdır. Amma nəticə etibarı ilə Azərbaycanın sülh yaradacaq addımları qarsı tərəfdən və vasitəçilər tərəfindən düzgün qiymətləndirilmədi. Nəticədə, ikinci Qarabağ savaşı baş verdi. Həmin savaşdan da əldə edilən nəticələr göz önündədir. Ermənistan və onun havadarları bu nəticənin fərqində olmalıdır. 30 il ərzində Azərbaycanın haqlı tələblərini eşitməyən, özünü karlığa, korluğa vuran tərəf özü çox ciddi problemlərlə üz-üzə qaldı və faciələr yaşadı.
 Əslində Ermənistan əlində olanları da itirdi. Biz dövlət səviyyəsində növbəti dəfə xəbərdarlıq edirik, qarşı tərəf bunu nəzərə almalıdır. Əgər xəbərdarlıqlar nəzərə alınmayacaqsa, proses davam edəcəksə, Prezidentin dediyi kimi, biz proseslerə yalnız seyrçi kimi qalmyacağıq, adekvat addımlar atılacaq. Azərbaycanın "Dəmir yumruğ"u yerindədir. Ölkəmiz öz təhlükəsizliyini qorumaq iqtidarındadır. Regionun əsas güc və söz sahibi olaraq da biz Cənubi Qafqazda sülhün və sabitliyin təminatçısı kimi çıxış edirik. Heç bir halda imkan verməyəcəyik ki, sülhə və sabitliyə hər hansı bir formada xələl gəlsin. Biz bu istiqamətdə adekvat addımlar atmaq iqtidarındayıq və lazım gəlsə atacağıq. Bunu Ermənistanı silahlandıran qüvvələr də nəzərə almalı və bundan çəkinməlidirlər. Ermənistan da ona verilən silahlardan imtina etməli və onu geri qaytarmalıdır. Əks təqdirdə Ermənistanın çox ciddi problemləri yarana bilər. Proses davam edərsə sözügedən qondarma dövlətin - Ermənistanın gələcəkdə bu arealda movcudluğu ciddi sual altına düşəcək".

Dəniz NƏSİRLİ





Chosen
19
baki-xeber.com

1Sources