"Panasonic Holdings Corp." televiziya biznesini satmaq və ya miqyasını kiçiltmək, eləcə də digər az gəlirli bölmələrdə dəyişikliklər etmək məsələsini nəzərdən keçirir.
Valyuta.Az Yaponiyanın "The Asahi Shimbun" qəzetinə istinadla xəbər verir ki, bu barədə şirkət rəhbərliyi 4 fevral tarixində məlumat verib.
Şirkətin prezidenti Yuki Kusumi onlayn idarəetmə brifinqində bildirib ki, televizorlar, mətbəx texnikası, sənaye qurğuları və mekatronika sahələrində fəaliyyət göstərən dörd bölmə aşağı mənfəətlilik və qeyri-müəyyən inkişaf perspektivləri ilə üzləşir.
O qeyd edib ki, "Panasonic" 2026-cı maliyyə ilinin sonuna qədər bəzi bazarlardan və ya biznes sahələrindən geri çəkilmə, məhsul xətlərinin dayandırılması və əməliyyatların daha uyğun sahiblərə ötürülməsi kimi “kəskin tədbirlər” görəcək.
Bundan əlavə, şirkət 2025-ci maliyyə ili ərzində idarəetmə səmərəliliyini artırmaq məqsədilə əməkdaşlarını vaxtından əvvəl təqaüdə çıxmağa təşviq edəcək.
Şirkətin 2025-ci ilin martında başa çatacaq maliyyə ili üçün gəlir proqnozu 8,3 trilyon yen (54 milyard dollar) təşkil edir ki, bu da əvvəlki illə müqayisədə 2 % azdır.
Əməliyyat mənfəətinin 5 % artaraq 380 milyard yen (2,5 milyard dollar) çatacağı gözlənilir, lakin xalis mənfəətin 30 % azalaraq 310 milyard yen (2 milyard dollar) düşəcəyi proqnozlaşdırılır.
Keçmiş flaqman biznesi
"Panasonic" televizor istehsalında uzun tarixə malikdir. Şirkətin sələfi olan "Matsushita Electric Industrial Co." 1952-ci ildə ilk "ağ-qara" televizorunu bazara çıxarıb.
1960-cı ildə rəngli televizorları təqdim edərək Yaponiyada televizorların geniş yayılmasına töhfə verib.
2003-cü ildə yerüstü rəqəmsal yayıma keçidlə əlaqədar olaraq "Matsushita" plazma və LCD ekranlarla təchiz olunmuş "Viera" seriyasını satışa çıxarıb.
Şirkət plazma texnologiyasının gələcəyinə güvənərək panel zavodlarına və əlaqədar sahələrə böyük sərmayə yatırsa da, LCD televizorların sərt rəqabəti ilə üzləşib və strategiyasını dəyişməyə məcbur olub.
"Panasonic" 2014-cü ildə plazma televizor istehsalını dayandırıb.
Bununla belə, Çin və digər xarici istehsalçılarla sərt rəqabət davam etdiyindən şirkət çətinliklərdən qurtula bilməyib.
Biznes portfelinin yenidən qurulması
Yuki Kusumi onlayn brifinqdə bildirib ki, avtomobil batareyaları kimi əsas sahələrə yatırılan sərmayələr hələ də kifayət qədər gəlir gətirmir və struktur islahatlarına ehtiyac var.
Televizor biznesi ilə bağlı isə o qeyd edib ki, hələlik bu bölməni almaq istəyən şirkətlər olmasa da, "Panasonic Holdings" müxtəlif variantları nəzərdən keçirir.
Şirkət əsas diqqətini əyləncə və rabitə sistemləri, enerji saxlama texnologiyaları və korporativ İT xidmətləri kimi rəqabət qabiliyyətli sahələrə yönəltməyi planlaşdırır.
Eyni zamanda, ofis əməliyyatlarını optimallaşdırmaqla 2026-cı maliyyə ilinə qədər mənfəəti ən azı 150 milyard yen (1 milyard dollar) artırmağı hədəfləyir.
Bundan əlavə, "Panasonic Holdings" məişət texnikası, kondisioner və işıqlandırma sistemlərini idarə edən "Panasonic Corp." bölməsini 2025-ci maliyyə ilində ləğv etməyi planlaşdırır.
Bu bölmə üç ayrı şirkətə bölünəcək ki, onlardan biri "Smart Life" adlanacaq və məişət texnikası sahəsinə fokuslanacaq.
Bu yeni qurumların hansısa birinin "Panasonic" adını daşıyıb-daşımayacağı isə hələlik müzakirə mövzusudur.
Yaponiyanın televiziya sənayesinin geriləməsi
"Panasonic" televizor sektorundakı geriləməsini bazar payı göstəriciləri də təsdiqləyir.
"BCN Research" şirkətinin məlumatına görə, 2018-ci ildə "Panasonic" Yaponiyada 16,8 % bazar payı ilə II yerdə idi. Lakin 2024-cü ilə qədər bu rəqəm demək olar ki, yarıya enərək 8,8 %ə düşüb və şirkət VI yerə geriləyib.
Hazırda bazarda xarici şirkətlər üstünlük təşkil edir. Çin şirkəti "Hisense Group Co."nun törəmə müəssisəsi "Tvs Regza Corp." 25,4 % bazar payı ilə liderdir.
Onu "Hon Hai Precision Industry Co."ya məxsus "Sharp Corp." 20,6 %, "Hisense" isə 15,7 % bazar payı ilə izləyir.
"BCN Research" analitiki Eidzi Mori bildirib ki, son illərdə qiymətlərin artması fonunda istehlakçılar daha sərfəli televizorları seçir və bu da xarici istehsalçıların bazarda mövqelərini gücləndirir.
Son illərdə bir sıra iri yapon elektronika şirkətləri televizor biznesindən geri çəkilib.
2018-ci ildə "Toshiba Corp." televiziya biznesini "Hisense"ə satıb. Eyni il "Hitachi Ltd." də yerli bazardan çıxıb.
2021-ci ildə "Mitsubishi Electric Corp." iri pərakəndəçilərə tədarükü dayandıraraq faktiki olaraq bazardan çəkilib.
Hazırda yalnız üç yapon şirkəti – "Panasonic", "Sharp" və "Sony Group Corp." – öz televizorlarını istehsal edir və satır.
"Panasonic" də son illərdə televiziya biznesini tədricən kiçildib, o cümlədən istehsalı digər şirkətlərə həvalə edib.
Rəhim