TANAP-la qaz tədarükü onun kommersiya istismarının başladığı andan etibarən ümumilikdə 75 milyard kubmetrə çatıb.
Fins.az TANAP operatorunun məlumatına istinadən xəbər verir ki, Cənub Qaz Dəhlizinin ən uzun hissəsi olan TANAP-la qaz tədarükü qazın kommersiya məqsədli nəqlinin başlanmasından bəri 75 milyard kubmetr göstəriciyə çatıb. “TANAP Türkiyə və Avropanın enerji təhlükəsizliyinə töhvə verməyə davam edir”, -deyə operatorun məlumatında deyilir.
Qeyd edək ki, TANAP Azərbaycan "Şahdəniz" yatağının işlənməsinin ikinci mərhələsi çərçivəsində hasil edilən qazı Gürcüstan-Türkiyə sərhədindən Türkiyənin qərb sərhədinə qədər nəql edir. TANAP-ın ümumi dəyəri 7 milyard dollardan azdır.
TANAP-ın ilkin ötürmə gücü ildə 16 milyard kubmetr qaz təşkil edir və gələcəkdə bu həcmin 31 milyard kubmetrə qədər artırılması mümkündür. Təxminən 6 milyard kubmetr qaz Türkiyəyə tədarük edilir, qalan hissə isə Avropaya nəql olunur.
TANAP qaz kəmərinin Türkiyə ərazisində doldurulmasına 2018-ci ilin yanvar ayının sonunda başlanılıb.
TANAP-ın istismara verilməsi mərasimi 12 iyun 2018-ci ildə Türkiyənin Eskişehir şəhərində baş tutub. Türkiyəyə ilk kommersiya qaz tədarükü 30 iyun 2018-ci ildə başlayıb. TANAP-ın Avropa ilə birləşməsinin açılış mərasimi isə 30 noyabr 2019-cu ildə Türkiyənin Ədirnə vilayətinin İpsala şəhərində keçirilib.