Fransanın “Loryan” klubunun hücumameyilli yarımmüdafiəçisi Eli Junior Krupi bundan sonra “Bornmut”un uğurları üçün çalışacaq.
Arena.az xəbər verir ki, bu barədə İngiltərə klubu rəsmi saytı vasitəsilə məlumat yayıb.
Premyer Liqa təmsilçisi bu transferi 12 milyon avroya rəsmiləşdirib. 18 yaşlı fransalı futbolçu ilə uzunmüddətli müqavilə imzalanıb. İngiltərə klubu yeni transferinin bu mövsümün sonunadək icarə əsasında “Loryan”da oynamağa davam edəcəyini də açıqlayıb.
Xatırladaq ki, Eli Junior Krupi “Loryan”ın öz yetirməsidir. 18 yaşlı futbolçu 2022/2023 mövsümündən etibarən bu klubun əsas komandasında forma geyinir. O, indiyə qədər “Loryan”ın heyətində 26 oyuna 12 qol vurub.
Fransanın U-16, U-17 və U-18 yığmalarında oynamış Krupi hazırda ölkəsinin U-19 millisində forma geyinir.
“Bornmut” irlandiyalı qapıçısı Mark Traversi də “Midlsbroy”a icarəyə verib. 25 yaşlı qolkiperin cari mövsümün sonunadək icarədə olacağı açıqlanıb.
Mark Travers peşəkar karyerasına məhz “Bornmut”da başlayıb. O, bu klubun əsas komandasının heyətində 82 oyuna çıxıb. Travers əvvəlki mövsümlərdə “Veymut”, “Suindon Taun”, “Stok Siti” kimi klublarda da icarədə olub.
İrlandiyanın aşağı yaş qrupları üzrə müxtəlif yığmalarında oynamış Mark Travers 2019-ci ildən etibarən əsas millidə də çıxış edir.