EN

İtirilmiş qədim şəhər cəngəllikdən tapılıb - Foto

İtirilmiş

Meksika cəngəlliyində itirilmiş qədim bir şəhər tapılıb.

Reyting.az
"News Week" nəşrinə istinadla bildirir ki, yaşına görə çox yaxşı qorunub saxlanılmış və Meksika cəngəlliklərində çox sıx bir ərazidə tapılan bu itkin şəhər 15-ci əsrə aiddir.

Alimlər bildiriblər ki, bu şəhər sadəcə, uzun müddət əsgərlər üçün qarnizon sayılıb. Lakin sonra məlum olub ki, meşə əslində öz əsl tarixini gizlədir.

Bu möcüzəvi kəşfin əsas müəllifi kanadalı alim, arxeoloqlar qrupuna rəhbərlik edən və Monrealda yerləşən MakQill Universitetinin əməkdaşı Pedro Qilermo Ramon Selisdir.

Arxeoloq Selis təyyarədə ərazi üzərində uçmalı olub və daha sonra meşəlik sahədə yerləşən Qvenqola şəhərinin əsl miqyasını kəşf etmək üçün lazer skan texnologiyasından istifadə edib. Alimlər deyiblər ki, qədim şəhərin tapıldığı bu ərazi Oahaka ştatının cənubunda, Sakit okeanın sahilindən təxminən 27 kilometr məsafədə yerləşir.

"Yerli Zapotek xalqı tərəfindən salınanşəhər 360 hektarlıq ərazini əhatə edib və bu şəhərdə məbədlər, top meydançaları, sadə insanlarla yanaşı elitalar üçün nəzərdə tutulmuş, müxtəlif ərazilər də daxil olmaqla, təxminən 1100-dən çox tikili, eləcə də 4 kilometrlik uzunluğunda divarlar olub. Şəhərin yaşı isə 500 ilə 600 il arasında olduğundan, o, olduqca yaxşı qorunub saxlanılıb. Siz orada cəngəllikdə gəzəndə belə, bu evlərin indiyədək necə möhkəm dayandığını görə bilərsiniz. Bu qədim itkin şəhərdə digər evlərdən evləri ayıran qapıları, dəhlizləri, hasarları da görmək olar", - deyə yeni kəşf barədə "News Week" nəşrinə danışan kanadalı alim Pedro Qilermo Ramon Selis bildirib.



Onun sözlərinə görə, sübutlar ispanların Meksikaya gəlməsindən bir müddət öncə möhkəmləndirilmiş və Qvenqola adlanan şəhərin tərk edildiyini göstərir.

İndi Qvenqola zamanında donmuş kimi görünür. Tarixi şəhər ağacların kölgəsi altında gizləndiyindən heç kimin bundan xəbəri olmayıb. Əslində isə bura hətta piyada yürüş etməklə sıx meşədən keçənyolla da çatmaq mümkün olardı.

Selis qeyd edib ki, yaxın vaxtlara qədər heç kim illərlə axtarış aparmadan bu ərazinin tam miqyasını kəşf edə bilməyib. Alimin sözlərinə görə, məsafədən zondlama üsulu ilə, həmçinin təyyarədən skan edən avadanlıq vasitəsilə təxminən iki saat ərzində o və arxeoloqlar dəstəsi müasir texnologiyanın köməyi sayəsində bunu edə biliblər.

Oqtay QORÇU
Chosen
18
reyting.az

1Sources