EN

Azərbaycan ozon qatının qorunması istiqamətində hansı addımları atır? QHT sədrindən AÇIQLAMA

“Səma və Eko” Sosial-İqtisadi İnkişafa Yardım İctimai Birliyinin sədri İradə Həsənova QHT.az-a açıqlamasında ozon qatının qorunmasının ekoloji tarazlıq üçün vacibliyini vurğulayıb.

O bildirib ki, ozon qatı Günəşdən gələn ultrabənövşəyi şüaları udaraq, onların Yer səthinə çatmasına mane olur. Lakin son onilliklərdə ekoloji tarazlığın pozulması, qlobal istiləşmə, atmosferin çirklənməsi və kimyəvi aktiv xlorun yayılması səbəbindən ozon qatının qismən dağılması müşahidə edilir: "Ən təhlükəli məqam odur ki, ozon qatı məhz Antarktida üzərində dağılmaqda davam edir. Bu proses 1970-ci ildən başlayıb və bu günə qədər davam edir. Ozon qatının dağılması flora və faunanın məhv olmasına, okeanlarda canlı aləmin ciddi şəkildə azalmasına, insanlarda göz xəstəlikləri və xərçəng hallarının artmasına, canlıların immun sisteminin zəifləməsinə gətirib çıxarır. Ozon qatının incəlməsi həmçinin parnik effektinin güclənməsinə, su ekosistemlərinin zərər görməsinə, torpaq örtüyünün deformasiyasına və ətraf mühitin ümumi çirklənməsinə səbəb olur. Ozon dəliyinin artıq Afrika qitəsinə qədər genişlənib, son 100 ildə Yer kürəsində orta illik temperatur 0,8-1,5°C artıb".

İradə Həsənova qeyd edib ki, ozon qatının qorunması qlobal problem olaraq beynəlxalq təşəbbüslərlə həll olunmalıdır, bu məqsədlə BMT tərəfindən "Ətraf mühitin və ozon qatının qorunması" konsepsiyası hazırlanıb: "1994-cü ildə isə BMT-nin Baş Assambleyası 16 sentyabr tarixini "Beynəlxalq Ozon Qatının Mühafizəsi Günü" elan edib. Azərbaycan da bu istiqamətdə mühüm addımlar ataraq, ozon qatının qorunması ilə bağlı beynəlxalq konvensiyalara qoşulub. Müstəqil dövlət kimi Azərbaycan Vyana Konvensiyasını və 1992-ci il Kopenhagen Protokolunu ratifikasiya edib. Eyni zamanda, ölkədə ozondağıdıcı maddələrin istifadədən çıxarılması və atmosferə atılmasının qarşısının alınması üzrə fəaliyyət proqramları icra olunur. Bundan əlavə, Azərbaycan Respublikasının Prezidenti tərəfindən 2006-cı ildə imzalanmış Fərmana əsasən, Nazirlər Kabineti ozon qatını dağıdan maddələrə dair xüsusi siyahını təsdiqləyib. Dövlət Gömrük Komitəsi və Ekologiya və Təbii Sərvətlər Nazirliyi isə ozondağıdıcı maddələrin idxalı və ixracına ciddi nəzarət həyata keçirir".

"Səma və Eko" Sosial-İqtisadi İnkişafa Yardım İctimai Birliyinin sədri vurğulayıb ki, Azərbaycan hökuməti qlobal ekoloji tarazlığın qorunması istiqamətində beynəlxalq səyləri dəstəkləyir və bu sahədə üzərinə düşən öhdəlikləri uğurla yerinə yetirir.

 

Pərvanə Fərhadqızı

QHT.az

Chosen
62
qht.az

1Sources