EN

Seymur Adıgözəlov: Azad edilmiş ərazilərdəki sənaye parklarında 15-dən çox müəssisənin tikinti işləri aparılır VİDEO

Bakı, 6 fevral, AZƏRTAC

İşğaldan azad edilmiş ərazilərimizdə fəaliyyət göstərən sənaye parklarına investorların cəlb edilməsi istiqamətində, yeni sənaye müəssisələrinin yaradılması istiqamətində işlər sürətlə davam etdirilir.

AZƏRTAC xəbər verir ki, bunu İqtisadi Zonaların İnkişafı Agentliyinin (İZİA) İdarə Heyətinin sədri Seymur Adıgözəlov brifinqdə çıxışı zamanı bildirib.

O vurğulayıb ki, 190 hektar ərazidə yaradılan Ağdam Sənaye Parkının 70 faizə yaxın hissəsi sahibkarların istifadəsinə verilib.

“Sənaye parkı qısa müddət ərzində yaradılmasına baxmayaraq hazırda rezidentlərin sayına görə Sumqayıt Kimya Sənaye Parkından sonra ölkədə ikinci böyük park hesab edilir. İndiyədək Ağdam Sənaye Parkında 29 sahibkarlıq subyektinə rezidentlik, 4 sahibkara isə qeyri-rezidentlik statusu verilib. Bu rezidentlər tərəfindən sənaye parkına 276 milyon manatdan çox investisiya yatırılması və 2400-dən artıq iş yerinin yaradılması nəzərdə tutulur. Artıq sahibkarlar tərəfindən parkda görülmüş işlərə 107 milyon manatdan çox investisiya yatırılıb, 457 daimi iş yeri yaradılıb. İşəgötürmə prosesində Ağdam və ətraf rayonlardan olan əhaliyə üstünlük verilir. Hazırda Ağdam Sənaye Parkında 9 müəssisə fəaliyyət göstərir. Parkda istehsal edilən məhsulların daxili bazara satışı ilə yanaşı, ixracı istiqamətində də uğurlar əldə edilib. Sənaye Parkının rezidentləri tərəfindən 22,3 milyon manatlıq məhsul satışı edilib”, - deyə Seymur Adıgözəlov vurğulayıb.

“Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkının hazırda 16 rezidenti və 2 qeyri-rezidenti olduğunu deyən qurum rəhbəri əlavə edib ki, 18 sahibkarlıq subyekti tərəfindən sənaye parkına ümumilikdə 130 milyon manatdan çox investisiyanın yatırılması, 1800-dən çox daimi iş yerinin yaradılması nəzərdə tutulur: “Bugünədək sənaye parkında görülmüş işlərə rezidentlər tərəfindən 29,6 milyon manatdan çox investisiya yatırılıb, 100-ə yaxın daimi iş yeri yaradılıb. Parkın 30 faizdən çox hissəsi sahibkarların istifadəsinə verilib. Hazırda işğaldan azad edilmiş ərazilərdə mövcud sənaye parklarında 15-dən çox müəssisənin tikintisi istiqamətində işlər aparılır. Cari ildə Ağdam və “Araz Vadisi İqtisadi Zonası” sənaye parklarında tütün məmulatlarının, dekorativ daşların, müxtəlif çeşiddə yapışqan lentlərin, dezinfeksiyaedici, maye yuyucu və ağardıcı məhsulların istehsalı müəssisələrinin fəaliyyətə başlaması, plastik taraların, yüksək gərginlikli elektrik enerjisinin ötürülməsi üçün müxtəlif metal elektrik dirəklərin istehsalı müəssisələrinin təməlqoyması planlaşdırılır”.

Agentlik sədri diqqətə çatdırıb ki, ümumilikdə ölkəmizdə mövcud sənaye zonaları iş adamlarının investisiya yatırmaları baxımından ən əlverişli biznes məkanıdır.

“Bir maraqlı məqamı diqqətə çatdırım ki, İqtisadi Zonaların İnkişafı Agentliyinin idarəçiliyində olan sənaye parklarında tətbiq edilmiş idxal ƏDV-si və gömrük güzəştləri nəticəsində rezidentlər bu günə qədər 505 milyon manatdan çox, 2024-cü il ərzində isə 44 milyon manatdan artıq vəsaitə qənaət ediblər. Bundan başqa, işğaldan azad olunmuş ərazilərdəki mövcud sənaye parklarında əlavə güzəştlər də tətbiq edilir. Bunlara sosial sığorta ödənişlərinin subsidiyalaşdırılması, kommunal xidmətlərə 20 faiz endirim, Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş bir sıra xammal və materialların idxalının gömrük rüsumları və ƏDV-dən tam azadolması, xüsusi güzəştli bank kreditləri və s. aiddir”, - deyə İZİA sədri əlavə edib.

Chosen
14
9
azertag.az

10Sources