EN

Deputat: USAID-ə qarşı irəli sürülən ittihamlar çox ciddidir və mütləq araşdırılmalıdır

Bakı, 6 fevral, AZƏRTAC

Qərbin xarici ölkələrdə həyata keçirdiyi rəngli inqilabların əsas maliyyə qaynağı olan ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) fəaliyyətində ciddi problemlər mövcuddur. Təşkilatın bəzi fəaliyyətləri dünya ictimaiyyətində narahatlıq doğurur.

Bu fikirləri AZƏRTAC-a müsahibəsində Milli Məclisin deputatı Tahir Mirkişili deyib. O bildirib ki, Azərbaycan rəhbərliyi hələ illər öncə USAID-in fəaliyyətindəki arzuolunmaz nüansları həm təşkilatın, həm də ABŞ rəhbərliyinin diqqətinə çatdırmışdı: “Təəssüf ki, o zaman bu narahatlıqlara ciddi yanaşılmadı. Azərbaycanın xəbərdarlıqlarına məhəl qoyulmadığı üçün ötən ilin fevralında hökumət USAID ilə müqavilənin müddətini uzatmadı. O dövrdə bu qərar bəzi dairələr tərəfindən radikal addım kimi qiymətləndirilsə də, sonrakı hadisələr Azərbaycanın haqlı olduğunu göstərdi. Gürcüstan hökuməti də oxşar narahatlıqlarını ifadə etdi və ABŞ-da hakimiyyətə gələn yeni komanda USAID-in fəaliyyətini faktiki olaraq dayandırdı. Hazırda təşkilat yenidən qurulma prosesindədir. Ümid edirik ki, yenidən formalaşdırılacaq USAID əvvəlki səhvlərini təkrarlamayacaq və ölkələrin suverenliyinə, milli maraqlarına hörmətlə yanaşacaq. Əgər belə olarsa, Azərbaycan dövləti USAID ilə əməkdaşlıq məsələlərinə yenidən baxa bilər”.

Tahir Mirkişili əlavə edib ki, ABŞ-ın dövlət israfçılığı və korrupsiya ilə mübarizə aparan DOGE qrupuna rəhbərlik edən İlon Mask USAİD-ni “məhvə məhkum qurum” və “cinayətkar yuva” adlandırıb. O, təşkilatın müxtəlif qeyri-şəffaf fəaliyyətlərdə iştirak etdiyini iddia edərək, bioloji silahların hazırlanmasını və narkotik məhsulların istehsalını maliyyələşdirdiyini deyib. ABŞ Prezidenti Donald Tramp da USAID-nin fəaliyyətini sərt şəkildə tənqid edərək, təşkilatın korrupsiyalaşmış olduğunu və böyük miqdarda vəsaitin səmərəsiz layihələrə yönəldildiyini bildirib.

Rusiya Dövlət Dumasının sədri Vyaçeslav Volodin isə USAİD-nin dünyanın 100-dən çox ölkəsində fəaliyyət göstərən və illik büdcəsi 50-60 milyard dollar olan şəbəkəyə çevrildiyini iddia edib. Gürcüstanın Baş naziri İrakli Kobaxidze də USAID-nin maliyyəsinin bəzi ölkələrdə iğtişaşlar yaratmaq və siyasi sabitliyi pozmaq üçün istifadə edildiyini bildirib.

Tahir Mirkişili vurğulayıb ki, USAİD-nin fəaliyyət göstərdiyi regionlarda, xüsusilə də MDB məkanında, müəyyən siyasi proseslərə təsir göstərdiyi iddia edilir. “USAID Ukraynada “narıncı”, Gürcüstanda “məxməri”, Qırğızıstanda isə “zanbaq” inqilablarının ssenarilərində rol oynayıb. Azərbaycanda da oxşar cəhdlər olub, lakin xalqımız dövlətçiliyə sadiq qalaraq bu kimi planlara uymayıb. Təşkilat ölkəmizdə radikal qüvvələri dəstəkləyib və milli dəyərlərə hörmət nümayiş etdirməyib. Bu səbəbdən Azərbaycan USAID ilə əməkdaşlığa xitam verdi”, – deyə deputat əlavə edib.

Deputat, həmçinin qeyd edib ki, USAID Azərbaycanın ərazi bütövlüyü məsələlərində ədalətli mövqe sərgiləməyib: “Təşkilat 34 il ərzində Azərbaycanda fəaliyyət göstərsə də, heç vaxt torpaqlarımızın işğalına dair bəyanat yaymayıb, qaçqınların problemlərinin həllinə ciddi dəstək verməyib. 2020-ci ilin sentyabrında Azərbaycan Ordusu ərazi bütövlüyünü təmin edərkən USAID dövlətimizə qarşı kampaniya aparıb və ermənilərin müdafiəsinə qalxıb. Həmçinin COP29 sammiti ərəfəsində insan hüquqları məsələlərini bəhanə edərək, ölkəmizə qarşı təzyiqlər göstərməyə çalışıb”.

Tahir Mirkişili qeyd edib ki, USAID-nin Azərbaycanda 450 milyon dollardan çox vəsait xərclədiyi qeyd olunur və bu vəsaitlərin hansı layihələrə yönəldildiyinin araşdırılması vacibdir: “Baş verən proseslər göstərir ki, Azərbaycan dövlətinin USAID ilə bağlı qərarı olduqca düzgün və ədalətli olub. Bizdən sonra digər ölkələrin də oxşar addımlar atması Azərbaycanın uzaqgörənliyini və güclü siyasi iradəsini təsdiq edir”.

Chosen
37
azertag.az

1Sources