İspaniyanın xarici işlər naziri Xose Manuel Albares İsrailin müdafiə naziri İsrael Katzın fələstinlilərin Qəzzadan digər ölkələrə, o cümlədən İspaniyaya köçürülməsi ilə bağlı planını rədd edib.
Nazir bunu RNE radiostansiyasına müsahibəsində bildirib.
“İspaniya öz suveren qərarlarını qəbul edir və heç bir üçüncü tərəf ona nə etməli olduğunu deməməlidir. Bizim Ukrayna və Fələstinlə bağlı eyni mövqeyi əks etdirən ardıcıl xarici siyasətimiz var. Bizim mövqeyimiz çox aydındır”, – o bildirib.
Nazirin sözlərinə görə, heç kim fələstinlilərin və xüsusilə Qəzza sakinlərinin hara getməli olduğu barədə müzakirələrə qoşulmamalıdır, çünki “Qəzza fələstinlilərinin torpağı, İspaniyanın və planetin əksər ölkələrinin istədiyi kimi gələcək Fələstin dövlətinin bir hissəsi olmalı olan Qəzzadır”.
X.M.Albares vurğulayıb ki, İspaniyanın Fələstin xalqı ilə həmrəyliyi səbəbindən krallıq bəzən fələstinliləri, məsələn, xəstə uşaqları və ya qaçqınları qəbul edir, lakin “fələstinlilərin yeri Fələstin, Qəzza sakinlərinin yeri isə Qəzzadır”.