EN

Bəhram Bağırzadə: “Rus bölməsini bağlamaq istəyiriksə, fransız və ingilis bölmələrini də bağlayaq”

Azərbaycan məktəblərində rusdilli bölmələrin bağlanması mövzusu yenidən gündəmdədir. Son təyyarə qəzası olayı bu mövzunu yenidən aktuallaşdırıb. Sosial şəbəkələr və müəyyən kluarlarda rusdilli bölmələrin yığışdırılması məsələsi təkrar müzakirəyə çevrilib.

Çoxları “Rus bölmələri nəyə lazımdır?” “Bizi sevməyən ölkənin dili niyə Azərbaycanda tədris olunsun?”, “Hamı öz dilində oxumalıdır” kimi fikirlər səsləndirir.

Əməkdar artist Bəhram Bağırzadə hesab edir ki, dil məsələsi sadəcə alətdir.

Bizim.media-ya açıqlamasında o deyib ki, fikirlərinə görə məzəmmət olunacağını bilir. 

“Amma mən sözümü demədən dayana bilmərəm. Əslində mənə belə sual veriləndə çaşıb qalıram. Bizdə Elm və Təhsil Nazirliyi var. Orda alimlər oturub. Mən hardan bilə bilərəm ki, rus bölmələri bağlanmalıdır, ya yox?

Bunun üçün səlahiyyətli, elmli insanlar var. Bu suala əslində onlar cavab verməlidirlər. Onlara müraciət edin, olsun, ya olmasın. Amma mənim fikrimə gəlincə, şəxsən mən rus sektorunu bitirmişəm, valideynlərim Azərbaycan bölməsini bitirib. Övladlarımsa ingilis dilində oxuyur.

Amma biz heç vaxt yaddan çıxarmamışıq ki, azərbaycanlıyıq. Azərbaycan üçün çalışmışıq və çalışacağıq. Söhbət millətçilikdən gedirsə, vacib deyil hansı dildə oxuyursan. Əsas odur öz millətinə xeyir gətirə biləsən. Kimsə gedib Moskvada oxuyub, Kiyevdə oxuyub. Yaxud da Oksfordda oxuyub, ya da ingiliscə Vaşinqtonda təhsil alıb. Mənim nəyimə lazımdı, o hansı dildə oxuyub? Əsas odur yaxşı diplomat, yaxşı siyasətçi, yaxşı cərrah olsun. Lap elə futbolçu olsun. Azərbaycan yığmasında oynasın, qol vursun, bizi sevindirsin ki, Azərbaycan qalib gəldi.

Yaxud cərrahdır, gedib xaricdə oxuyub, qayıdıb bura və yaxşı tibb adamı kimi çalışsın. O, işini mükəmməl bilirsə, bacarıqlı, yüksək ixtisaslı həkimdirsə, bu xalqa xidmət göstərirsə, mənim nəyimə lazımdır o hansı dildə oxuyub? Yaxud Leninqradda oxuyan dünya şöhrətli rəssamlarımız var. Gedib o dildə oxuyublar. İndi nəinki Rusiyada, dünyada məşhurdular. O hansı dildə oxusa da, azərbaycanlı rəssam olaraq qalır. Əsərləri ilə ölkəmizə baş ucalığı gətirir, dünyada ölkəmi tanıtdırır”.

Eyni zamanda Bəhram Bağırzadə diqqətə çatdırıb ki, hər kəs öz dilimizi bilməlidir.

“İstifadə elə! Amma söhbət bizim dilimizi bilməsindən gedirsə, bəli, dilimizi bilməlidir! Azərbaycan ədəbiyyatını oxumalıdırmı? Oxumalıdır! Mütaliə eləməlidir, hətta azərbaycanca düşünməlidir. Mən rusca da oxuyanda, ingiliscə də oxuyanda azərbaycanca düşünürəm. Çünki rus, ingilis deyiləm.

Sadəcə, düşünürəm Tolstoyu, Dostayevskini rusca oxuyum, Şekspiri ingiliscə oxuyum və inşallah Allah nəsib eləsə, Qurani-Kərimi orijinalda oxuyum. Bunun nəyi pisdir ki? Biz əgər rus bölməsini bağlamaq istəyiriksə, onda fransız, ingilis, ərəb-fars bölmələrini  bağlayaq. Elə deyirlər rus bölmələrini bağlayaq?!

Onda gəlin, Azərbaycan bölməsini elə səviyyəyə qaldıraq ki, başqa dillərdə oxumağa ehtiyac qalmasın! Abbasilər dövründə onlar hakimiyyətə gələndə birinci yunan və Roma kitablarını, onların alimlərinin, filosoflarını əsərlərini ərəb dilinə tərcümə elədilər. Əgər bu gün buna hünərimiz çatırsa, bütün dünya ədəbiyyatını, peşə kitablarını ana dilimizə tərcümə edək. Deyək, onun kağız forması da var, elektron versiyası da və digər dil bizə lazım deyil.  Biz əgər bu boyda yolu keçə bilsək, razıyam, bağlayaq”.

Chosen
82
18
buta.media

10Sources