AFFA-nın İcraiyyə Komitəsinin qərarı ilə Misli Premyer Liqasında 2025/2026 mövsümündən etibarən 12 komanda iştirak edəcək.

Bir çox azarkeşlərə görə ölkəmizdə  oyunlara marağın artması üçün liqada rəqabət aparan klubların sayının artması çox önəmli bir qərar idi. 

Qeyd edək ki, cari mövsümə qədər liqa 4 dövrədən və 36 oyundan ibarət idi. Komandalar öz aralarında 2 ev, 2 səfər olmaqla 4 dəfə oynayırdılar. Təbii ki, bu da oyunlardakı azarkeş sayına təsir edirdi. Hazırkı çempionatda liqa qalibi UEFA Çempionlar Liqasının 1-ci təsnifat mərhələsindən başlayır. Liqa sonuncusu isə 1-ci liqaya düşür.

 1992-ci ildə 26 klubun iştirakı ilə yaradılan ilk peşəkar futbol liqamız - Yüksək Liqa 2009-cu ildən Azərbaycan Premyer Liqası adlanmağa başlandı. Hazırda ölkə çempionatı 10 klubun iştirakı ilə keçirilməkdədir. Amma bu say həmişə belə olmayıb.

Aşağıda Azərbaycan Premyer Liqasının tarixi boyu komandaların sayı qeyd olunur:

1. 1992: 26 klub

2. 1993: 20 klub

3. 1993–1994: 16 klub

4. 1994–1995: 13 klub

5. 1995–1996: 11 klub

6. 1996–1997: 16 klub

7. 1997–1998: 15 klub

8. 1998–1999: 14 klub

9. 1999–2000: 12 klub

10. 2000–2001: 11 klub

11. 2001–2002: 12 klub

12. 2003–2004: 14 klub

13. 2004–2005: 18 klub

14. 2005–2006: 14 klub

15. 2006–2007: 13 klub

16. 2007–2009: 14 klub

17. 2009–2013: 12 klub

18. 2013–2016: 10 klub

19. 2016–2022: 8 klub

20. 2022–cari: 10 klub

Bəs Avropanın bəzi ölkələrində sistem necə işləyir? Ərazi və əhali baxımından Azərbaycana yaxın olan xarici çempionatlara nəzər salaq: 

Belçika Pro Liqası

Bu liqada 2020-21 mövsümündə 18 klub yarışıb və 2023-24 mövsümündən etibarən 16 komandaya endirilib. Çempionatın sponsoru olan və "InBev" pivə şirkəti tərəfindən istehsal olunan "Jupiler" pivəsi brendinə görə rəsmi olaraq "Jupiler Pro League" adlanır.

Mövsümlər avqustun əvvəlindən aprelin sonuna qədər davam edir. Komandalar pley-offlardan əvvəl mövsüm ərzində hər biri 34 oyun keçirirlər. Sonra çempionluq, avrokuboklara vəsiqə və liqada qalmaq uğrunda pley-off oyunları keçirilir.

Niderland Erediviziyası

Erediviziya ("Eredivisie", "Fəxri Diviziya") Niderlandın yüksək futbol diviziyasıdır. 1956-cı ildə yaradılıb. Bu liqada 18 komanda mübarizə aparır. Hər komanda digər komandalarla mövsümdə iki dəfə - bir evdə və bir dəfə səfərdə oynayır. Mövsümün sonunda turnir cədvəlində 18-ci olan komanda aşağı liqaya düşür və "Eerste Diviziyası"na gedir.

"Eerste Diviziya"nı 1-ci yerdə bitirən koamnda Erediviziyaya yüksəlir. Erediviziyada 16-cı və 17-ci yerləri tutan komandalar, "Eerste Diviziyası"nda isə 2-ci, 3-cü, 4-cü, 5-ci, 6-cı, 7-ci, 8-ci və 9-cu yerləri tutan komandalar pley-off mərhələsinə keçir. İki pley-off qrupu yaradılır. Qruplarda birinci olan komandalar Erediviziyada yarışmaq hüququ qazanır. Qruplarda aşağı yerləri tutan komandalar "Eerste Divizionu"nda çıxış edirlər.

Şotlandiya Premyerşip

Şotlandiya futbolunun ən yüksək səviyyəli çempionatı 2000-01 mövsümündən etibarən 12 klubla təşkil olunur. Bu, Şotlandiya futbol tarixində liqa sistemində heç bir dəyişiklik olmadan davam edən ən uzun müddətdir. Mövsüm isə iki mərhələyə bölünüb. I mərhələdə hər bir klub digər komandaya qarşı üç oyun keçirir (bir evdə, iki dəfə səfərdə və ya əksinə). Bütün klubların 33 oyun keçirdiyi bu ilk mərhələdən sonra liqa iki hissəyə bölünür — "ilk altılıq" və "aşağı altılıq". II mərhələdə hər klub öz bölməsindəki digər beş komandanın hər birinə qarşı daha beş oyun keçirir. Birinci mərhələdə qazanılan xallar ikinci mərhələyə keçirilir. Lakin ikinci mərhələdə komandalar yalnız öz bölmələrində yarışırlar. Liqa sistemi klubların əvvəlki mövsümdəki performansına əsaslanaraq "səpələnmə" metoduna uyğun şəkildə təşkil edilir.

Hüseyn Rəşadoğlu