«Turan Tovuz»un futbolçusu qalmaqala səbəbkar olub.
Bununla bağlı klubdan redaksiyamıza məlumat ötürülüb.
Saytımıza verilən informasiyaya görə, Nahid Əliyev Bakıda yerləşən otellərin birində aranı qatıb. Belə ki, gənc oyunçu komandanın yerləşdiyi məkanda qarşısına çıxan qızla tanış olmaq istəyib.
Xarici ölkə vətəndaşı olan zərif cins nümayəndəsi onun təklifini qəbul etməyib. Oğlanın ondan əl çəkmədiyini görən əcnəği xanım otelin təhlükəsizlik xidmətinə şikayətlənib.
Onlar da öz növbəsində bu barədə klub funksionerlərini məlumatlandırıb. Hadisə yerinə gələn rəsmilər qızı güclə sakitləşdirib.
Eyni zamanda Kurban Berdiyev Nahid Əliyevi düşərgədən uzaqlaşdırıb.
Rusiyalı çalışdırıcı 2005-ci il təvəllüdlü gənci yalnız əsas komandadan kənarlaşdırmayıb. O, əvəzedici heyətin qapılarını da yarımmüdafiəçinin üzünə bağlayıb.
Bəs Nahidin növbəti yanlışı nədə olub?
«Turan Tovuz»un futbol akademiyasının koordinatoru Eltay Aslanovun bacısıoğlu noyabrın 10-da etdiyi hərəkətlə 73 yaşlı mütəxəssisin qəzəbinə tuş gəlib.
Belə ki, Əliyev əvəzedici heyətin «Səbail-2» ilə keçirdiyi matç (1:1) günü yoxa çıxıb. Nə komandayla Bayıla gəlib, nə də telefon zənglərinə cavab verib.
Yalnız qarşılaşmadan xeyli sonra onunla əlaqə saxlamaq mümkün olub. Nahid iddia edib ki, oyun günü olduğunu unudub və yatıb qalıb.
Berdiyev bu barədə bilgi alandan sonra müvafiq göstəriş verib. «Rubin»in sabiq sükançısının tapşırığına əsasən, orta sahə oyunçusu o tarixdən bəri meydan üzünə həsrət qalıb.
SPORTİNFO.AZ