EN

Niderland rəsmiləri üçün "DeepSeek" qadağan edildi, Cənubi Koreya isə...

Niderland hökuməti casusluqla bağlı narahatlıq səbəbilə dövlət qulluqçularına Çinin "DeepSeek" çatbotundan istifadə etməyi qadağan edib. 

Valyuta.az xəbər verir ki, bu barədə Niderlandın NOS telekanalı məlumat yayıb.

Qadağa rəqəmsallaşma üzrə dövlət katibi Zsolt Szabo tərəfindən təqdim edilib. Onun sözlərinə görə, "DeepSeek" çatbotu casusluğa qarşı həssasdır. Ötən həftə Niderlandın Məlumatların Mühafizəsi Təşkilatı (AP) ölkə sakinlərini "DeepSeek" tətbiqi ilə diqqətli olmağa və ondan qənaətlə istifadə etməyə çağırıb.

Cənubi Koreya Müdafiə Nazirliyi isə "DeepSeek"in çatbotuna girişi bloklayıb. Bu barədə "Yonhap" xəbər agentliyi departamentdəki mənbələrə istinadən yazıb.

Nəşrin məlumatına görə, belə tədbirlər təhlükəsizlik məqsədilə həyata keçirilib.

Bundan əvvəl Amerikanın kibertəhlükəsizlik şirkəti "Wiz"in Çinin "DeepSeek" süni intellekt startapının qorunmayan məlumat bazasını aşkarladığı barədə məlumat yayılmışdı. İstifadəçi söhbəti tarixçəsi, daxili çatbot məlumatları və digər məxfi məlumatlar daxil olmaqla, milyon sətirdən çox məlumatı ehtiva edən "ClickHouse" verilənlər bazası sızdırılıb. 

Paşa Məmmədli

Chosen
75
valyuta.az

1Sources