"İrqçi və millətçi şüarlar səsləndirən vətəndaşlar İran xalqının nümayəndəsi deyil və İranın rəsmi mövqeyini əks etdirmir".
"Unikal" erməni mediasına istinadən xəbər verir ki, bunu İranın Ermənistandakı səfiri Mehdi Sobhani mətbuat konfransında bildirib.
"Baş verənlərin heç bir dəyəri yoxdur, şübhəli xarakter daşıyır və bununla bağlı öyrənilməsini tələb edən çoxlu suallar yaranıb", - İran səfiri deyib.
Sobhaninin sözlərinə görə, o, videoyazıya baxıb və hesab edir ki, meydana toplaşanların nə dedikləri aydın deyil. Səfir qeyd edib ki, irqçi və millətçi şüarlarla meydana çıxanların hamısı ölkənin mövqeyini ifadə edə, xalqı təmsil edə bilməz.
Sobhani bildirib ki, meydanda mahnı oxuyan insanlar erməni və İran xalqları arasında anlaşılmazlıq və qarşılıqlı şübhə yaratmağa çalışıblar.
Xatırladaq ki, yanvarın 30-da sosial şəbəkələrdə bir qrup şəxsin İrəvanın Respublika meydanında Azərbaycan dilində “Qarabağ” mahnısını ifa etməsini əks etdirən video yayılıb. Videonun yayımlanması geniş rezonans doğurub. Yanvarın 31-də Ermənistan Milli Təhlükəsizlik Nazirliyi bəyanat yayaraq, Respublika meydanında olanların dekabrın 30-dan yanvarın 3-dək Ermənistanda olan İran vətəndaşları olduğunu qeyd edib. İstintaq Komitəsi isə Milli Təhlükəsizlik Xidmətinin sorğusu əsasında bu videonu yayanın 70 yaşlı keçmiş prorektor, alim Qərib Babayan olduğunu üzə çıxarıb. Onun həbsi ilə bağlı vəsatət məhkəməyə göndərilib, lakin hakim Babayanı həbs etməyib, ona inzibati nəzarət və ictimai çıxışa qadağa cəzası verilib.