Mirzə İsmayıl Qasir – 220
Ötənlərin işıqlı şəxsiyyətlərindən biri də şair Mirzə İsmayıl Qasir olub. Təxəllüsünün mənalarından biri gücsüz, təsirsiz anlamına gəlsə də, o dövrünün sözü ötən, adı ehtiramla çəkilən ziyalısı kimi tanınıb.
Mirzə İsmayıl Səlim oğlu Axundov 1805-ci il fevralın 7-də Şamaxı qəzasının (indiki Ağdaş rayonunun) Ləki kəndində anadan olub. İlk mədrəsə təhsilinə də elə Ləkidə yiyələnib. Ailədə 7 qızın 1 qardaşı olan Qasir sonra Şamaxıda, Güney Azərbaycanın Əhər qəsəbəsində mədrəsədə oxuyub, ardınca Təbrizə gedib, ərəb və fars dillərini, ədəbiyyat və fəlsəfəni dərindən mənimsəyib. Orada təhsil alarkən Balaxanım adlı bir qızı sevməsi və nakam məhəbbətini şeirlə ifadə etməsi onun çox gənc yaşlarından yaradıcılığa başladığına dəlalət edir.
Gördüm yenə cananımı canan arasında,
Guya ki, durub huriyü qılman arasında.
Bir zərrə camalından olub Leylidə zahir,
Məcnun, yeri var, qalsa biyaban arasında.
Təbli qəzəlxan əvvəlcə “Məcnun” təxəllüsü ilə şeirlər yazıb, sonradan atası Hacı Molla Səlimin xatirəsinə onun “Qasir” təxəllüsünü götürüb. O, rus dilini və ədəbiyyatını, xəttatlıq sənətini öyrənməyə də ciddi maraq göstərib və dərindən mənimsəyib. Quzey Azərbaycana yetkin şair və müəllim kimi qayıdıb.
Qasir rus dilini gözəl bildiyi üçün 1840-cı ildə Qaradonlu (indiki İmişli rayonu) Sərhəd İdarəsində tərcüməçi vəzifəsinə təyin olunub. Necə deyərlər, əmmaməni papaqla dəyişib. Həmin vaxtla bağlı maraqlı bir əhvalat da var: O, iş yerinə piyada gedərkən sərhəd boyunda İran şahı vəzirinin çadırına rast gəlir. Vəzirlə şahmat oynayır və onu mat edir. Buna görə də vəzir Qasirə səmənd at bağışlayır.
Mirzə İsmayıl Kazan Universitetinin hüquq fakültəsində dünyəvi təhsil alıb və bundan sonra Lənkərana köçüb. Orada ikisinifli ibtidai məktəbdə ana dili və şəriət müəllimi vəzifəsində işləyib. Şagirdləri onun hazırladığı lüğətdən asan istifadə edə bilsinlər deyə, şeir formasında izahlar verib. Şair özünün müəllimliyi haqqında yazdığı şeirində dərs dediyi fənləri bədii dillə belə izah edib:
Fars dilindən, şəriətdən, bir də şeirü sənətdən
Dərs deyirdim bülbül gülü səsləyərkən astadan.
Bu da özünəməxsus bir yubileydir ki, Mirzə İsmayıl Qasir 175 il əvvəl Lənkəranda 50 il fəaliyyət göstərmiş “Fövcül-füsəha” ədəbi məclisini qurub. Bu adın mənası “gözəl danışanlar dəstəsi” deməkdir. “Fövcül-füsəha”nın əsas üzvləri Molla Ələkbər Aciz, Mirzə İsa Xəyali, Hüseynqulu Şuriş və başqaları olublar. Məclisdə klassiklərin əsərləri oxunur, onlara nəzirə yazılır, ədəbi-fəlsəfi müzakirələr aparılırdı.
Qasir böyük şair və maarifçi Seyid Əzim Şirvani ilə də yaxın dost olub. Seyid Əzimin onun barəsindəki misraları da bunu sübut edir:
Sən mənim köhnə rəfiqimsən, ayə, İsmayıl,
Seyyidin canı gərəkdir sənə qurban, Qasir.
Mirzə İsmayıl Qasirin zəngin irs olan yaradıcılığında qəzəllər və şifahi xalq poeziyası üslubunda şeirlər çoxdur. Əsərlərində təşbeh, istiarə, mübaliğə, təzad, təkrir və zərb-məsəllər geniş işlənib, bütün bunlar isə bədii nümunələrdə ifadə olunan əhval-ruhiyyəyə uyğun olaraq həcəz, rəməl, xəfif, müzare, mürtəc, rəcəz, təqarib və s. bəhrlərdə yazılıb. Şeirlərində mütərəqqi ideyaları təbliğ edib və köhnə fikirləri, xüsusən də xürafatı tənqid atəşinə tutub. Şairin əsərləri 1988-ci ildə “Yazıçı” nəşriyyatında kitab şəklində nəşr olunub.
Qönçə görsə ləbini, ağzını pünhan eylər,
Lalətək bağrını ləlin həvəsi qan eylər.
Gülü rüxsarinə bülbüllər olubdur mail,
Gecə-gündüz bu səbəbdəndir ki, əfqan eylər.
XIX əsrin 70-ci illərindən başlayaraq Mirzənin pedaqoji fəaliyyəti daha da genişlənir. O dövrdə Çar Rusiyasının icazəsi ilə Lənkəranda rəsmi olaraq “Müsəlman məktəbi” yaradılır. Həmin məktəb çoxsaylı ziyalılar yetişdirir. Mehmandarovun mülkündə yaradılan “Üsuli cədid”də Qasirin iki oğlu – Mirzə Səbi və Mirzə Səlim də təhsil alıblar. Mirzə Ələkbər Qasımov, Mirzə Cəlal Qasımov, Məşədi Əhməd Kazımov, Mirzə İsa Möhsünzadə, Möhsümxan Talışınski, Nurəli Bəy Nəsirbəyov, Ağaxan Talışınski, Əkbərxan Talışınski, Xanoğlan Talışınski və eləcə də Səməd bəy Mehmandarov Mirzə İsmayıl Qasirin tələbələri olublar. O, 1894-cü ildə “Qanuni-Mirzə İsmayıl Qasir” adlı dövrü üçün mükəmməl dərs vəsaiti tərtib edib...
Mirzə İsmayıl Qasir 1900-cu ilin 19 sentyabrında Lənkəranda vəfat edib. Ölümündən 125 il keçməsi də bir yubileydir. Sütəmurdov kənd qəbiristanlığında onun məzarı üzərində və Lənkəran Xan sarayında büstü qoyulub. Şəhərin mərkəzi küçələrdən biri Mirzə İsmayıl Qasirin adını daşıyır. Doğulduğu Ağdaşın Ləki kəndindəki kitabxanaya da onun adı verilib. Haqqında xeyli məqalə, monoqrafiya və dissertasiya işləri yazılıb.
Qasirlər nəsli hər zaman tanınan vətənpərvər ziyalılar sırasında olub. Mirzə İsmayılın erkən yaşlarında itirdiyi atası Kərbəlada təhsil almış məktəbdar idi. Böyük oğlu Səlim gimnaziyada müəllimlik edib, Məşrutə hərəkatının iştirakçısı olub. Ötən əsrin əvvəllərində AXC parlamentində Lənkəranı təmsil edib, Müstəqillik Bəyannaməsinə imza atanlardan olub, sonra vətəndən didərgin düşərək mühacir həyatı yaşayıb. Kiçik oğlu Mirzə Səbi Lənkəranda milli hökumət qurulanda qəza pristavı kimi asayişi qoruyub. 1937-ci ildə həbs edilərək Sibirə sürgünə göndərilib və orada dünyasını dəyişib. Maraqlıdır ki, hər iki qardaşın yetkinləşməsində şair kimi üzv yazıldıqları “Fövcül füsəha”nın da rolu olub.
Şəcərənin bir tanınmışı da Mirzə Səbinin oğlu, bu sətirlərin müəllifi ilə Teleradio şirkətində birlikdə çalışmış türkoloq Sabir Axundov idi. Sabir müəllim Moskvada Şərqşunaslıq İnstitutunu bitirmiş və dəfələrlə Türkiyədə ölkəni təmsil etmişdi. Azərbaycanda uzun illər radioda türk dilində verilişlərin aparıcısı, komitənin baş redaktoru, Azərbaycan Milli Ensiklopediyasının yazılmasının əsaslarını qoyanlardan biri olmuşdu. Dövlət universitetlərində iqtisadiyyat, türk dili və jurnalistikadan dərs demiş, efirda verilişlər aparanların bir çoxuna nitq mədəniyyətinin əsaslarını öyrətmişdir. Prezident Təqaüdçüsü idi. Ürək qızdırdığı qələmdaşları ilə söhbətlərində babasının haqqında bildiklərini həvəslə paylaşırdı Sabir müəllim.
Onu da deyək ki, Qasirin kötükcələrindən biri hamının xatrıladığı Anar Camal oğlu Məmmədxanov olub. Anar əfsanəvi “Bakılı öğlanları” Şən və Hazırcavablar Klubunun yaradıcısı və kapitanı idi, millət vəkili seçilmişdi...
Göründüyü kimi, Qasir və nəsli haqqında belə maraqlı bilgilər az deyil. Şair özü yazırdı:
Tutubdu zülfi-siyahın tək aləmi zülmət,
Götür niqabı yüzündən, cahan münəvvər ola.
Bu mövzuda tapılan hər bir fakt Qasirlərlə bağlı məqamları, şairin özü demişkən, münəvvər edir, yəni işıqlandırır.
Əli NƏCƏFXANLI
XQ