EN

Könül Əhmədsoy: “Xəzər regionunda ən sərt ekoloji standartlar tətbiq edilməlidir”

Xəzər dənizi qapalı su hövzəsi olaraq məhdud özünübərpa qabiliyyətinə malikdir. Buna görə də regionda ən sərt ekoloji standartlar tətbiq edilməlidir.

“Report” xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Dövlət Ekoloji Ekspertiza Agentliyinin layihələrin və ətraf mühitin mühafizəsi üzrə normativ sənədlərin ekspertizası şöbəsinin baş məsləhətçisi Könül Əhmədsoy Bakıda keçirilən “IADC Drilling Caspian 2025” konfrans və sərgisində bildirib.

Onun sözlərinə görə, Azərbaycanda mütəxəssislər əməliyyatlar zamanı xüsusilə ehtiyatlı yanaşma tətbiq edirlər.

"Bəzən operatorlar Şimal dənizi, Meksika və ya Fars körfəzində istifadə olunan standartlara və ya texnologiyalara istinad edirlər. Lakin Xəzər tamamilə başqa bir hekayədir. Xəzər unikal endemik və biomüxtəlif mühitə malikdir. O, qapalı su hövzəsidir və açıq dənizlərdə, okeanlarda tətbiq olunan metodlar həmişə ona uyğun gəlmir. Qapalı su hövzəsi olaraq özünübərpa imkanları məhduddur. Bundan əlavə, uzun illər ərzində aktiv neft və qaz hasilatı ona əhəmiyyətli ziyan vurub. Burada hasilat insanlar ətraf mühitin qorunması barədə düşünməyə və bu proseslərin risklərini dərk etməyə başlamazdan xeyli əvvəl başlayıb", - nazirlik rəsmisi qeyd edib.

K.Əhmədsoy vurğulayıb ki, nazirlik Xəzərdəki layihələrin bütün dünyaya nümunə olması üçün regionda ən yaxşı beynəlxalq təcrübələrin, ən sərt ekoloji standartların tətbiqini vacib hesab edir: "Bu prinsip təkcə dəniz üçün deyil, quru üçün də vacibdir. Təəssüf ki, Abşeron yarımadasında, Kür və Araz çaylarının aşağı axarlarında minlərlə hektar torpaq neft məhsulları ilə çirklənib. Bu problemin həlli kompleks yanaşma tələb edir. Məhz buna görə də Xəzər regionu xüsusi diqqət və qayğıya ehtiyac duyur. Məqsədimiz aydındır: biz təbiətin bərpasına imkan verməklə yanaşı, ekoloji məhdudiyyətlər çərçivəsində istehsal nəticələrinə nail olmalıyıq".

Chosen
33
2
report.az

3Sources