Mərakeşdə 25 mindən çox insana qızılca diaqnozu qoyulması və 120 nəfərin ölməsi ölkəni təşvişə salıb.
Hafta.az-ın yazdığına görə, Krallığın səhiyyə naziri Əmin Tehravi epidemiyanın yayılmasını dayandırmaq üçün bir strategiya hazırladıqlarını açıqlayıb. Səhiyyə Nazirliyinin 2023-cü ilin sentyabrından bəri qeydə aldığı məlumatlara görə, 25 min yoluxma aşkar edilib. Epidemiyanın artması hökuməti təcili tədbirlər görməyə sövq edib.
Paytaxt Rabatda keçirilən hökumət şurasının iclasında səhiyyə naziri Əmin Tehravi milli peyvənd kampaniyasının genişləndiriləcəyini və müddətinin uzadılacağını bildirib.
Tehravi 18 yaşa qədər 8 milyon uşağın peyvənd olunduğunu bildirib. Nazirlik qızılca epidemiyasına effektiv nəzarət etmək üçün səhiyyə nəzarətini artırıb və epidemioloji monitorinq sistemlərini gücləndirib. Ən çox zərər çəkmiş ərazilərə çevik reaksiya qrupları yerləşdirilib.
Təhsil Nazirliyi də fevralın 3-dən məktəblərdə qızılcadan əvvəl və sonra peyvəndlərə başlayıb. Bundan əlavə, sıxlığın qarşısının alınması, distant təhsil təcrübələri və epidemiyanın intensiv olduğu məktəblərin bağlanması kimi əlavə tədbirlər görülüb.