EN

Azərbaycanda 7,9 milyard manatlıq investisiya portfeli və 10 min iş yeri yaradıldı -İZİA sədri

İqtisadi Zonaların İnkişafı Agentliyinin idarəçiliyində olan sənaye zonalarında investisiya portfeli 7,9 milyard manat olan 152 sahibkarlıq subyektinə rezidentlik, 10 sahibkara isə qeyri-rezidentlik statusu verilib. Sahibkarlar tərəfindən sənaye zonalarına 6,9 milyard manat investisiya yatırılıb ki, bunun da hesabına 84 müəssisə fəaliyyətə başlayıb, 10 min 700-dən artıq daimi iş yeri yaradılıb.

Növbəti mərhələdə isə mövcud layihələr üzrə daha 1 milyard manatdan çox investisiyanın yatırılması nəzərdə tutulur ki, bunun da hesabına 8 mindən artıq daimi iş yerinin yaradılması planlaşdırılır.

Finss.az xəbər verir ki, bu və digər məsələlər barədə İqtisadiyyat Nazirliyi yanında İqtisadi Zonaların İnkişafı Agentliyinin İdarə Heyətinin sədri Seymur Adıgözəlov dünən keçirdiyi mətbuat konfransında ətraflı məlumat verib.

Qeyd olunub ki, 2024-cü ildə sənaye zonalarında 31 sahibkarlıq subyektinə rezidentlik statusu verilib ki, bunun da 14-ü Ağdam Sənaye Parkının, 8-i “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkının, 3-ü Sumqayıt Kimya Sənaye Parkının, 1-i Pirallahı Sənaye Parkının, 1-i Hacıqabul Sənaye Parkının, 2-si Masallı Sənaye Məhəlləsinin, 2-si Sabirabad Sənaye Məhəlləsinin payına düşüb. Bununla yanaşı, “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkında 1 sahibkarlıq subyektinə qeyri-rezidentlik statusu verilib. Onun sözlərinə görə, ötən il sənaye zonalarında fəaliyyətə başlayan 10 müəssisə tərəfindən, ümumilikdə, 48,6 milyon manat investisiya yatırılıb, 389 daimi iş yeri yaradıb. Hazırda həmin müəssisələrdə müxtəlif təyinatlı tikinti materialları, ayaqqabılar, dəmir yolu avadanlıqları, elektrik malları və s. məhsullar istehsal olunur.

Diqqətə çatdırılıb ki, ötən il ölkənin sənaye zonalarında 3,3 milyard manatlıq satış həyata keçirilib ki, bunun da 1 milyard manatlıq hissəsi ixracın payına düşür. İxracın əvvəlki illə müqayisədə 8,1 faiz artdığını vurğulayan S.Adıgözəlovun bildirdiyinə görə, 2024-cü ildə sənaye zonalarının qeyri-neft sənayesi məhsulları istehsalında xüsusi çəkisi 17,6 faiz, ixracında isə 26 faiz təşkil edib. Sənaye zonalarında istehsal edilən məhsullar dünyanın 70-dən çox ölkəsinə göndərilib. Ümumilikdə isə, 2015-ci ildən indiyədək sənaye zonalarında 15,4 milyard manatlıq məhsul satışı həyata keçirilib ki, bunun da 4,9 milyard manatlıq hissəsi ixrac edilib.

Agentlik rəhbəri daha sonra deyib ki, 2018-2024-cü illərdə sənaye zonalarında 442,5 milyon manatlıq avtomobil istehsalı həyata keçirilib: “Təkcə ötən il ərzində Hacıqabul Sənaye Parkında 107,5 milyon manatlıq 3761 ədəd avtomobil, Neftçala Sənaye Məhəlləsində isə 54,65 milyon manatlıq 2182 ədəd avtomobil istehsal edilib. Avtomobil istehsalı ötən ilin müvafiq dövrü ilə müqayisədə təqribən 34 faiz artıb”, deyə o əlavə edib.

Azərbaycanın işğaldan azad edilmiş ərazilərindəki sənaye parklarına investorların cəlb edilməsi, sənaye müəssisələrinin yaradılması istiqamətində işlərin sürətlə davam etdirildiyini diqqətə çatdırıb. Yeni fəaliyyətə başlayan müəssisələrin əksəriyyətinin Ağdam Sənaye Parkında yerləşməsini qürurverici hal kimi dəyərləndirən S. Adıgözəlov bildirib ki, 190 hektar ərazidə yaradılan parkın 70 faizə yaxın hissəsi artıq sahibkarların istifadəsinə verilib: “Sənaye parkı qısa müddət ərzində yaradılmasına baxmayaraq, hazırda rezidentlərin sayına görə Sumqayıt Kimya Sənaye Parkından sonra ölkədə ikinci böyük park hesab edilir. İndiyədək Ağdam Sənaye Parkında 29 sahibkarlıq subyektinə rezidentlik, 4 sahibkara isə qeyri-rezidentlik statusu verilib. Bu rezidentlər tərəfindən sənaye parkına 276 milyon manatdan çox investisiya yatırılması və 2400-dən artıq iş yerinin yaradılması nəzərdə tutulur. Artıq sahibkarlar tərəfindən Ağdam Sənaye Parkında görülmüş işlərə 107 milyon manatdan çox investisiya yatırılıb, 457 daimi iş yeri yaradılıb. Hazırda sənaye parkında 9 müəssisə fəaliyyət göstərir. Burada istehsal edilən məhsulların daxili bazarda satışı ilə yanaşı, ixracı istiqamətində də uğurlar əldə edilib. Sənaye Parkının rezidentləri tərəfindən 22,3 milyon manatlıq məhsul satışı edilib”.

Qurum rəhbəri, həmçinin bildirib ki, Cəbrayıl rayonunda yaradılmış “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkının 16 rezidenti və 2 qeyri-rezidenti var. Onun sözlərinə görə, bu il onlar sənaye parkına, ümumilikdə, 130 milyon manatdan çox investisiya yatırmağı, 1800-dən çox daimi iş yeri yaratmağı nəzərdə tuturlar. Ötən müddətdə parkın 30 faizdən çox hissəsi sahibkarların istifadəsinə verilib, 29,6 milyon manatdan çox investisiya yatırılıb, 100-ə yaxın daimi iş yeri yaradılıb. Hazırda işğaldan azad edilmiş ərazilərdə mövcud sənaye parklarında 15-dən çox müəssisənin tikintisi istiqamətində işlər aparıldığını diqqətə çatdıran agentlik rəhbərinin dediyinə görə, bu il Ağdam və “Araz Vadisi İqtisadi Zonası” sənaye parklarında tütün məmulatlarının, dekorativ daşların, müxtəlif çeşiddə yapışqan lentlərin, dezinfeksiyaedici, maye yuyucu və ağardıcı məhsulların istehsalı müəssisələrinin fəaliyyətə başlaması, plastik taraların, yüksək gərginlikli elektrik enerjisinin ötürülməsi üçün müxtəlif metal elektrik dirəklərin istehsalı müəssisələrinin təməlqoyması planlaşdırılır.

Agentlik rəhbəri ölkədə aqroparkların yaradılması istiqamətində həyata keçirilən tədbirlərdən də ətraflı bəhs edib. Qeyd olunub ki, İqtisadi Zonaların İnkişafı Agentliyi tərəfindən 2023-cü ilin yanvar ayından etibarən aqroparkların reyestrinin aparılması, həmçinin orada fəaliyyət göstərən hüquqi və fiziki şəxslərə aqroparkın rezidentinin qeydiyyat şəhadətnaməsinin verilməsi ilə bağlı işlərə başlanılıb, 2-si dövlət, 22-si özəl olmaqla, ümumilikdə, 24 aqropark qeydiyyata alınıb. Həmin parklardan 6-sı heyvandarlıq, 6-sı meyvəçilik, 11-i əkinçilik, 1-i isə çeşidləmə, qablaşdırma və logistika üzrə ixtisaslaşıb. Aqroparkların ümumi layihə dəyəri 1,1 milyard manat təşkil edir ki, bunun da faktiki olaraq 0,9 milyard manatı özəl investisiya şəklində layihələrin reallaşdırılmasına yatırılıb: “Bununla yanaşı, indiyədək aqroparkların yaradılması və ya fəaliyyətlərinin genişləndirilməsi məqsədilə 158,9 milyon manat dövlət dəstəyi göstərilib. Bugünədək Sahibkarlığın İnkişafı Fondu tərəfindən 16 aqroparkın yaradılmasına 142,4 milyon manat güzəştli kredit ayrılıb. İnvestisiya təşviqi sənədi almış 17 aqropark isə texnika, texnoloji avadanlıqlar və qurğuların idxalına görə 16,5 milyon manat dəyərində güzəşt əldə edib. Qeydiyyata alınan aqroparklarda 3720 nəfər daimi işlə təmin edilib, 4878 nəfər isə mövsümi işlərə cəlb olunub. Növbəti mərhələdə əlavə olaraq 1600-dən çox daimi iş yerinin yaradılması nəzərdə tutulur”.

Sonda agentlik rəhbəri jurnalistlərin çoxsaylı suallarını ətraflı cavablandırıb.

Chosen
25
7
fins.az

10Sources