“Amerikanın Səsi” xəbər verir ki, ABŞ dövlət katibi Marko Rubio cümə axşamı Dominikan Respublikasında Venesuela hökumətinə məxsus təyyarənin həbsində iştirak edib.
Dövlət Departamenti bildirib ki, ABŞ səlahiyyətliləri “təyyarənin müsadirə edilməsi üçün iddia qaldırmağa əsasların olduğunu müəyyən ediblər”. Təyyarənin həbsi üçün əsas kimi ABŞ-ın sanksiyalarının və ixrac nəzarətinin pozulması, habelə çirkli pulların yuyulması ittihamları göstərilib.
Bu, ABŞ-ın son altı ayda Dominikan Respublikasında ələ keçirdiyi ikinci Venesuela təyyarəsidir. 2024-cü ilin sentyabrında Fransa istehsalı olan “Dassault Falcon 900EX” müsadirə edildi və Floridaya yönləndirildi.
Cümə axşamı, Mərkəzi Amerika turnesinin son dayanacağında Rubio ABŞ Daxili Təhlükəsizlik Departamentinin rəsmisinin təyyarəni ələ keçirərək təyyarəyə order bərkidilməsini izləyib. Həbs edilən təyyarəyə Santo Dominqo hava limanında texniki xidmət göstərilirdi.
Dövlət Departamenti Venesuela rejiminin lideri Nikolas Maduronun hökumətinin yüksək səviyyəli üzvlərinin Yunanıstan, Türkiyə, Rusiya, Nikaraqua və Kubaya səyahət etmək üçün “Dassault Falcon 200” təyyarəsindən istifadə etdiyini bildirib.
Maduro və hökuməti həmişə ABŞ və digər sanksiyaları tənqid edərək, bunların Venesuelanı iflic etmək üçün nəzərdə tutulmuş “iqtisadi müharibəyə” bərabər olan qeyri-qanuni tədbirlər olduğunu bildirib.
Almaz Həsənli