EN

Anamın duası... - Sabir Rüstəmxanlı


Anam dünyaya gözünü fevralın 7-də yummuşdu. O cür uca və saf ruhla yaşayan, nəcib, mərhəmətli, ürəyi yalnız xeyirxahlıq üçün döyünən insanın yeri cənnətdir, ruhu şaddır, yəqin ki! Bir daha Allahdan əziz anama rəhmət diləyirəm.

Atasız-anasız dünyada birdən-birə ömrün yükü də, mənası da, evə-ocağa, uşaqlığımın keçdiyi yerlərə münasibətin də dəyişilir; ölümlə nəfəs-nəfəsə qaldığını hiss edirsən. Bir vaxt bizi qoruyan dualar kəsilir. Və bunu getdikcə daha artıq hiss edirik.

Anamın duası

Orda, zirvələrin qonşuluğunda,
Ulduz işığında, ay işığında,
Dumandan yuxarı, çəndən yuxarı,
Arzumdan yuxarı, mənnən yuxarı
Anam od üstündə dua oxuyur,
Anam su üstündə dua oxuyur.
Məni tilsimləyir bu uzaqlıqdan,
Onun pıçıltısı haraydı, ahdı.
Xəstələnmək olmur, ah çəkmək olmur,
Ürəyinə dama vallah günahdı...
Daha səfərlərə çıxan deyiləm,
Yollarım anamın ömür yumağı.
Ömrünü dünyaya səpələmişəm.
Soyuq ürəklərin nazına dözüb
Ana ürəyinə köz ələmişəm.
Dünya yollarına su çiləməkdən
Mənim ağ buludum yağışa dönür.
Anam Tanrıya da dua oxuyur,
Anam özü boya alqışa dönür.
Çölün çiçəyi də ana payıdır,
Zirvədə ağaran qar-qışındandır.
Qürbət yollarında rahatlıq görsən
İnan ki ananın alqışındandır!
Mənim ayaqlarım yollarda qabar,
Qabarlı əliylə corab toxuyur.
Xəyanət odundan, böhtan selindən,
Hava yollarından, su yollarından
Bizi qorumağa, hifz eləməyə
Anam yer üzünə dua oxuyur,
Anam göy üzünə dua oxuyur.
Dünyaya bir dəstə oğul-qız verən
Təkcə,
öz-özünə,
dua oxuyur.
*
Anama şeir yazardım
Söz ilə heykəlini
yaratmaq olsa qəmin,
Şəklini çəkmək olsa
ən zərif düşüncəmin,
Sevgi sonsuzluğunu dilim söyləyə bilsə,
Onun kimi ağlayıb, onuntək gülə bilsəm,
Oturub anama şeir yazardım!..
Bir yurdun, bir millətin əbədi ağrısını
Balaca sevincini,
dağlar boyda yasını –
Milyon dərdi ürəyə sığışdıran söz olsa,
Dünyanı bir baxışla
görüb duyan göz olsa –
Oturub anama şeir yazardım!..
Övladının ruhunda
gül ləçəyi olanım,
Gəlin ikən bir elin
ağbirçəyi olanım
Ürəyim hıçqıranda səsimə hay versəydi,
Öz ulu dünyasından mənə də pay versəydi,
Oturub anama şeir yazardım!..
Xəyalım dünyadan yığışmır, neynim,
Ruhum bədənimə sığışmır, neynim.
Biz dünya sirrinin
südəməriykən
Olmasa atımı meydana çəkən
Oturub anama şeir yazardım!..
Min il de, əbədi hörgü sökülməz,
Min il yaz, Tanrının hüsnü çəkilməz,
Beləcə sirrinə açar bulmadan,
Ömrün sonunadək heç yorulmadan
Oturub anama şeir yazardım!..

Chosen
10
bakupost.az

1Sources