“Əgər sığorta fəaliyyəti şəffafdırsa, burada hər hansısa bir qeyri-qanuni məqamlar yoxdursa və nəticədə bu sistem proqnozlaşdırılan dövrü zərərlə başa vurursa, deməli birmənalı olaraq risklər doğru qiymətləndirilməyib”. Bu fikirləri Hafta.az-a açıqlamasında iqtisadçı-ekspert Eldəniz Əmirov deyib.
Onun fikrincə, Azərbaycanda sığorta sisteminin kifayət qədər təkmilləşdirilməsinə ehtiyac var: Ümumiyyətlə, Azərbaycanda sığorta sistemi kifayət qədər təkmilləşdirməyə ehtiyacı olan bir sistemdir. Biz bunu həm avtomobillərin icbari sığortasında, həm tibbi sığortada, həm insanların sığorta sisteminə inamında, həm də sığorta şirkətlərinin qeyri-adekvat yanaşmasında görürük. Sadəcə, yaxşı olan budur ki, bu sistemə inam hər il nisbətən az da olsa artır və təkmilləşmə işləri gedir. Yaxşı olmayan tərəf ondan ibarətdir ki, bu yöndə təkmilləşmə çox zəif sürətlə gedir. Nəticə etibarilə hesab edirəm ki, biz növbəti dövrdən başlayaraq avtomobillərin icbari sığortası ilə bağlı bir qədər fərqli yanaşmaları görə biləcəyik. Eyni zamanda, biz bunu sığorta qiymətlərində də müşahidə edə biləcəyik. Bir daha vurğulayıram ki, qeyd etdiklərim fəaliyyətin şəffaf qurulduğu hallara aiddir. Şəffaflıqla bağlı problem olan hallarda isə sığorta xərclərinin artırılmasına ehtiyac olmadan şəffaflığın təmin olunması ilə zərərin aradan qaldırılması mümkündür”.