EN

Süni intellektin təsirləri: JURNALİSTİKA MÖVCUDLUĞUNU QORUYA BİLƏCƏK? - AÇIQLAMA

Süni intellektin jurnalistikaya təsiri getdikcə daha da dərinləşir. Texnologiyalar inkişaf etdikcə, süni intellekt jurnalistlərin gündəlik işlərini daha sürətli və daha effektiv şəkildə yerinə yetirmələrinə imkan yaradır. Xəbər yazıları, analitik məqalələr, hətta video və audio məzmunlar belə süni intellekt vasitəsilə yaradılmağa başlanıb. Bununla yanaşı, süni intellektin istifadəsi xəbər istehsalında obyektivlik, etik və məlumatın qərəzsizliyi kimi məsələləri gündəmə gətirir.

Süni intellektin bu qədər sürətlə bütün sahələrə nüfuz etməsi gələcəkdə jurnalist peşəsinə ehtiyacı aradan qaldıra bilər? Jurnalistika sahəsində insan faktorunun rolu nə dərəcədə dəyişəcək? Bu texnologiya jurnalistləri tamamilə əvəz edəcək, yoxsa yalnız onların işini asanlaşdıraraq müasir jurnalistikaya yeni bir baxış bucağı qatacaq?

Mövzu ilə bağlı BDU-nun jurnalistika fakultəsinin dekanı Vüqar Zifəroğlu Avtosfer.az-a açıqlamsında bildirib ki, insan jurnalistlərinə hər zaman ehtiyac olacaq:

“Süni intelekt sadəcə bizə müəyyən mənada məlumatları işləmək, hansısa bir məsələ ilə bağlı əlavə informasiyalar toplamaq üçün kömək edən bir alətdir. Süni intelekt bizim yerimizə üslub yarada bilməz, hərtərəfli təhlil verə bilməz və ya araşdırma təqdim edə bilməz.

Çox vaxt belə mübahisələr aparılır ki, bu, yalnız jurnalistika ilə bağlı deyil, digər peşələrdə də süni intelekt şəxsləri əvəz edə bilər. Süni intelekt inkişaf etdikcə bəzi sahələrdə öz təsirini göstərəcək və insanların iş əmsalı getdikcə azalacaq. Lakin mən bu fikirlə razı deyiləm. Nəzərə almaq lazımdır ki, süni intelektin özünü yaradan insandır. Süni intelekt özünü insanların internet məkanına mütəmadi şəkildə təqdim etdikləri və yayımladıqları məlumatlar əsasında təkminləşdirir.

Diqqət yetirsək, süni intelekt bu mənada insanlardan asılıdır. Hesab edirəm ki, jurnalistikada insan, jurnalist əməyini əvəz edə bilməz. Lakin süni intelektin təsiri getdikcə güclənir və jurnalistlər, ümumiyyətlə 21-ci əsrin insanları da təbii ki, bu kimi yeni alətlərdən istifadə etməyi bacarmalıdırlar. Məsələn, bu gün Azərbaycan jurnalistikasında yeni bu kimi alətlərdən istifadə edilir və ya bu alətlərdən yararlanılır”.

Vüqar Ziferoğlu əlavə olaraq bildirib ki, burada başqa bir məqam da var ki, süni intelekt həmişə obyektiv məlumat verməyə bilər:

“Müşahidələr göstərir ki, kifayət qədər mübahisə doğura biləcək fikirlər ortaya qoyur. Bu mənada, əlbəttə ki, istənilən halda insan əməyi öz sözünü deməlidir. Məzmuna baxmaq, üzərində işləmək və ya genişləndirmək üçün insan əməyi lazımdır.

Bu mənada mən hesab edirəm ki, süni intelektin jurnalistləri əvəz edəcəyi ilə bağlı fikir yanlışdır. Belə bir şey gözlənilmir”.

İKT üzrə mütəxəssis Fərid Kazımov isə bildirib ki, süni intelektin bu gün və gələcəkdə bu təsiri daha da artacaq:

“Xüsusən də jurnalistika sahəsində süni intellektin rolu əhəmiyyətli dərəcədə artır. Artıq bu gün kompüterlər bizə çox effektiv işləməyə imkan verir və buna görə də ofisə getmədən, heç bir fiziki əmək sərf etmədən bir xəbər və ya məlumat əldə edib, süni intellektə tapşırıq verərək müxtəlif formatlarda məqalələr hazırlamaq mümkündür.

Yaxın illər ərzində süni intellektin inkişafı nəticəsində şirkətlər daha kiçik komandalarla böyük dəyəri olan şirkətlər qurmağı bacaracaq. Məsələn, üç nəfərlik bir komanda, doğru servis və ideyalarla milyardlarla dollar dəyərində şirkətlər quraraq böyük qazanc əldə edə bilər. Jurnalistika sahəsində də yeni xidmətlər yaranacaq və bu xidmətlər sayəsində 5-10 jurnalistin gördüyü işi yalnız bir jurnalist yerinə yetirəcək.

Lakin jurnalistikanın ən əsas xüsusiyyətlərindən biri olan müsahibə götürmə və konfranslarda iştirak etmə kimi məsələlər, hələ də insan faktoru tələb edəcək. Yəni süni intellektin inkişafı ilə belə, insanın rolu müəyyən qədər qalacaqdır. Süni intellekt və robotlar gələcəkdə insanları əvəz edəcək olsa da hələ də bir çox sahədə insan faktoru vacib olacaqdır.

Mütəxəssis əlavə olaraq qeyd edib ki, bununla yanaşı, süni intellekt tamamilə etibar edilə bilməz, çünki süni intellekt bəzən özündən məlumatlar uydurur:

“Ancaq düzgün tapşırıqlar verildiyi halda, məlumatları saniyələr içində əldə etmək mümkündür. Məzmun əsasında işləyəcək yeni avtomatlaşdırılmış sistemlər yaradılacaq və bu sistemlər daha sürətli və güclü işləyəcək. Lakin bu sistemlərin sürəti və axtarma qabiliyyəti artmış olsa da insanın rolunula tamamilə əvəz etməsi hələ mümkün deyil”.

Eltac Zülfüqaroğlu

Chosen
42
avtosfer.az

1Sources