EN

Mirsalam Qənbərov: Nəqliyyat infrastrukturunun yaxşılaşdırılması zamanı ətraf mühit normalarına diqqət yetirilməlidir

Bakı, 7 fevral, AZƏRTAC

Fevralın 7-də Dövlət Ekoloji Ekspertiza Agentliyində “Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025-2030-cu illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 30 yanvar tarixli Sərəncamının icrasından irəli gələn məsələlərlə bağlı ictimai dinləmə keçirilib.

AZƏRTAC xəbər verir ki, çıxış edən Dövlət Ekoloji Ekspertiza Agentliyinin İdarə Heyətinin sədri Mirsalam Qənbərov ictimai dinləmənin keçirilməsində məqsədin respublikada reallaşdırılan layihələrin icrası zamanı ətraf mühit məsələlərinin, ekoloji normaların gözlənilməsi, qanunvericiliyin tələblərinə əməl edilməsi olduğunu bildirib. Qeyd edib ki, ictimai dinləmədə Bakı şəhəri və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun yaxşılaşdırılması ilə bağlı kompleks tədbirlər planından irəli gələn layihələrin müzakirəsi aparılacaq.

M.Qənbərov deyib ki, Bakı şəhərində tıxacların qarşısının alınması, həmçinin insanların rahat hərəkət etməsi üçün nəzərdə tutulan tədbirlərdən ən vacibi yol infrastrukturunun bütün normalara cavab verməsi, mövcud yolların genişləndirilməsi, yeni yolların salınması, eyni zamanda, alternativ üsulların tətbiqidir: “Məqsədimiz ondan ibarətdir ki, bu layihələrin icrası zamanı ətraf mühit normalarına diqqət yetirilsin. Ətraf mühitə dəyən ziyanın aradan qaldırılması və ya ziyanın minimum həddə çatdırılması üçün alternativ variantlar seçilsin. Həmçinin yolun çəkilişi zamanı mövcud torpaq qatının, ağacların və digər ətraf mühit komponentlərinin kompensasiyası layihədə öz əksini tapsın. Əgər bu gün 5-10 ağac layihə altına düşürsə, onlar götürülərək mərkəzi aidiyyəti icra hakimiyyəti orqanları tərəfindən müəyyənləşdirilmiş ərazidə əkilsin. Həmin ağaclara aqrotexniki xidmət göstərilsin”, - deyə o vurğulayıb.

İdarə Heyətinin sədri, həmçinin çıxışında akademik Həsən Əliyev küçəsindən Müzəffər Nərimanov küçəsinə qədər yolu əhatə edən layihənin həyata keçirilməsi zamanı yolun yaxınlıqdakı təhsil müəssisəsinin ərazisindən keçən hissəsində mövcud olan 74 ağacdan 50-sinin köçürüldüyünü bildirib. O, 24 ağacın ərazidə saxlanılmasına nail olunduğunu vurğulayıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəsmisi Qafar Ağayev çıxışında Akademik Həsən Əliyev küçəsindən Müzəffər Nərimanov küçəsinə qədər olan ərazidə yol infrastrukturu ilə bağlı layihənin icrası zamanı yaranmış tullantıların düzgün idarə edilməsi məsələsinə diqqət yetirilməsinin vacibliyinə toxunub. O, eyni zamanda, tullantıların düzgün idarə edilməsinin əhəmiyyətindən də danışıb.

Dinləmədə çıxış edən digər mütəxəssislər də yolların çəkilməsi zamanı ağacların zədələnməməsinin, yaşıllıqların qorunub saxlanılmasının vacibliyini qeyd ediblər.

Chosen
31
azertag.az

1Sources